
Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, hadisə aprelin 30-da saat 14 radələrində mərkəzin Radiologiya şöbəsində qeydə alınıb. İlkin araşdırmalar zamanı onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Əliyevin qanunsuz əldə edib üzərində gəzdirdiyi partlayıcı qurğunu işə saldığı müəyyən edilib.
Nəticədə onun həkim Asif Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etdiyi ehtimal olunur. Partlayış zamanı Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır yaralanan Asif Nəsirovun isə vəziyyətinin ağır olduğu və müalicəsinin davam etdiyi bildirilir.
Faktla bağlı Yasamal rayonu prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələrin əldə edilməsi və saxlanılması) maddələri ilə cinayət işi başlanıb.
Hazırda hadisənin başvermə səbəbləri, partlayıcının əldə edilmə mənbəyi və digər hallar üzrə istintaq tədbirləri davam etdirilir.