Quran Uca Allahın kəlamıdır. Onun digər kəlamlara nisbətən üstünlüyü Uca Allahın məxluqatı üzərindəki üstünlüyü kimidir. Dilin oxuduğu ən gözəl kəlam da odur. Həmçinin Uca Allahın kəlamı olan Qurani Kərimi oxumaq savab baxımından ən yüksək olan ibadətlərdən biridir. Uca Allah buyurur:
"Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, (Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir". (Fatir, 29-30).
"Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar...". (əl-Bəqərə, 121).
Quran öyrətməyin savabı: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənib, sonra da onu insanlara öyrədəndir". (əl-Buxari, №: 4739, 5028).
Təbii ki, birdən-birə Quranı səhvsiz oxumaq mümkün deyil. Ona görə də, ruhdan düşməyərək oxumağa davam edin. Aişədən rəvayət oldunduğuna görə Peyğəmbər buyurmuşdur: "Qurani Kərimi oxuyub məharət sahibi olan, hörmətli və itaətkar mələklərlə bərabərdir. Qurani Kərimi oxuyan və oxunmasında çətinlik çəkərək kəkələyən kimsəyə isə iki mükafat (savab) vardır". (əl-Buxari "Tövhid", 52, №: 4937; Muslim, 244, 798).
Ümumiyyətlə, Quran oxuyarkən insan çalışmalıdır ki, sözləri bacardığı qədər düzgün tələffüz etsin ki, səhv tələffüz nəticəsində sözlərin mənası dəyişməsin. Xətalarınızı düzəltmək üçün isə Quran oxuyan qarilərdən birini seçin və diqqətlə onu dinləməklə özünüzdə olan səhvləri düzəldin. Həmçinin təcvid elminin əsaslarına da yiyələnsəniz daha böyük savab qazanmış olarsınız. Bu barədə internetdə çoxlu video dərslər (həmçinin azərbaycanca) var. Ummu Sələmə Peyğəmbərin qiraəti (oxumağı) barədə soruşulduqda belə demişdir: "Onun qiraəti hərf-hərf idi". (Yəni, hərf-hərf sayıla biləcək qədər aydın idi)". (Əbu Davud, №: 4001).
Quranı oxumağın, öyrənməyin, əzbərləməyin və öyrənmək üçün toplaşanların savabına aid bəzi hədislər: Peyğəmbər Əbu Zərrə xitabən belə demişdir: "Ey Əbu Zərr, Allahın kitabından bir ayə öyrənmək üçün səhər evindən çıxman, sənin üçün yüz rükət namaz qılmandan daha xeyirlidir". (İbn Məcəh, 1/79).
Peyğəmbər dedi: "Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki (xalqarın vəziyyəti ilə) əlaqədar xəbər, sizdən sonra (qiyamətə qədər) zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər, həmçinin sizin aranızda (iman-küfr, itaət-üsyan, haram-halal və s. kimi) baş verəcək hadisələrlə bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir...". (ət-Tirmizi "Fədailul-Quran", 14).
Əlidən rəvayət olunan hədisdə Allah Rəsulu buyurmuşdur: "Kim Quranı oxuyar və onu gözəlcə əzbərləyər, halalını halal, haramını da haram qəbul edərsə, bunun sayəsində Uca Allah o kimsəni cənnətinə qoyar və ailəsindən cəhənnəmə girməyə layiq olan on nəfər üçün şəfaət etmə haqqı verər". (ət-Tirmizi "Fədailul-Quran", 13; İbn Məcəh, 1/78).
Peyğəmbər dedi: "Allahın evlərindən birində toplaşıb, Onun kitabını oxuyan və öyrənən topluma mütləq sükunət çökər, mərhəmət onları bürüyər, Mələklər onları əhatəyə alar və Uca Allah onları hüzurundakılara xatırladar". (Muslim "Zikr", 38, №: 6793; Əbu Davud, 349).
Peyğəmbər buyurdu: "Hər zaman Quran oxuyana belə deyiləcəkdir: oxu və ucal, dünyada aramla oxuduğun kimi burada (axirətdə) da aram ilə oxu və yüksəl! Həqiqətən sənin mərtəbən (məqamın) oxuduğun son ayə məqamında olacaqdır". (Əbu Davud "Vitr", 20).
əl-Xattabi belə nəql etmişdir: "Rəvayətdə deyilir ki, Quran ayələrinin sayı cənnətin pillələri sayındadır. Quran oxuyana deyiləcəkdir: Quran ayələrini oxuduğun qədər pillələrlə yüksəl. Kim Quranı tam oxuyarsa, Axirətdə cənnətin ən yüksək pilləsinə yüksələr. Kim Qurandan bir parça oxuyarsa, onun yüksəlişi oxuduğunun mislində olar. Onun mükafatı qiraəti bitən yerə qədər olar".
Allah Elçisi dedi: "Quran oxunan evdə xeyir (bərəkət) artır. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan evlərin xeyir və bərəkəti az olur". (əd-Darimi: "Sunən", 2/429-430).
Peyğəmbər buyurdu: "Kim Allahın kitabından 1 hərf oxuyarsa ona 1 həsənə (savab, yaxşılıq) vardır. Hər yaxşılıq 10 qatı ilə dəyərləndirilir. Mən demirəm ki, "Əlif, Ləm, Mim" bir hərfdir! "Əlif" 1 hərf, "Ləm" 1 hərf, "Mim" də 1 hərfdir". (ət-Tirmizi "Savabul-Quran", 16).
Rəsulullah demişdir: "Quran Allahın (insanlara ərməğan etdiyi ilahi) süfrəsidir. Gücünüz çatdıqca ondan bəhrələnməyə çalışın. Şübhəsiz ki, içində (əzbərində) Allahın kitabından bir şey olmayan evdən daha kiçik (cansıxıcı) ev yoxdur. İçində Allahın kitabından heç nə olmayan qəlb də kimsəsiz xaraba ev kimidir". (ət-Tirmizi "Fədailul-Quran", 18).
Allah Elçisi dedi: "Qəlbiniz Quran üzərində birləşdiyi müddətcə onu oxuyun, onunla ixtilaf edəndə isə qalxın". (əl-Buxari "Fədailul-Quran", 27).
Peyğəmbər buyurdu: "Allah bu Qurana (əməl edən) qövmləri (dünya və axirətdə) ucaldıb əziz edir, Ona (əməl etməyən) qövmləri isə (dünya və axirətdə) alçaldır, zəlil edir". (Muslim "Salatul-Musafirin", 269).
Peyğəmbər buyurdu: "Bu iki cür kimsədən başqasına qibtə edilməz. Bunlardan biri odur ki, Uca Allah ona nemət olaraq Quranı öyrətmiş, o da gecə və gündüz saatlarında onu oxuyur, onunla məşğul olur. Qonşusu da eşidir və belə deyir: "Kaş filankəsə verilən Quran neməti mənə də veriləydi, onun oxuyub əməl etdiyi kimi mən də oxuyub əməl edəydim". Digərinə isə Allah çoxlu mal-dövlət vermiş, o da malını gecə-gündüz Allah yolunda xərcləyib sədəqə verir. Bunu eşidən bir nəfər: "Kaş bu filankəsə verilən maldan mənə də veriləydi və mən də onun kimi əməl edərdim" deyə qibtə edir". (əl-Buxari "Tövhid", 45).
Peyğəmbər buyurdu: "Quran oxuyan mömin, qoxusu və dadı gözəl olan portağal kimidir. Quran oxumayan mömin, dadı gözəl fəqət qoxusu olmayan xurma kimidir. Quran oxuyan münafiq (ikiüzlü) və ya facir (günahkar) qoxusu gözəl, amma dadı acı olan reyhan (nanə) kimidir. Quran oxumayan münafiq isə qoxusu olmayan acı Əbu Cəhl qarpızı (dadı və qoxusu olmayan acı bir meyvə) kimidir". (əl-Buxari "Fədailul-Quran", 17, 26, "Tövhid", 36, 6/107).
Peyğəmbər demişdir: "Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqdır. (Onlardan…) Elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və Quran oxumuşam". Allah ona deyəcək ki: "Yalan deyirsən, sənə "alimdir" deyilsin deyə elm öyrənmisən və sənə qaridir (gözəl Quran oxuyan) deyilsin deyə Quran oxumusan" və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq". (Muslim, 4900).
Daima Quran oxumaq və əzbərlənənləri təkrar etmək: Quranı əzbərləmək asan olduğu kimi daima təkrar edilmədikdə də asanlıqla unudulur. Bu barədə Peyğəmbər gözəl bir misal çəkərək buyurur: "Quranı əzbərdən bilən adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-başına buraxarsa, onlar qaçıb gedərlər". (əl-Buxari, 5031; Muslim, 789).
Başqa bir hədisdə isə belə buyurur: "Quranı daima oxuyun! Canim Əlində olan Allaha and olsun ki, o kəndirdən açılıb qaçan dəvədən daha tez (sahibini) tərk edir". (əl-Buxari 5033).
Peyğəmbər dəvəni ona görə misal çəkir ki, dəvə başlı-başına buraxıldıqda ən tez çıxıb gedən ev heyvanıdır.
Quran oxunan evin bərəkəti-qiyməti artar: Allah Rəsulu buyurub: "Quran oxunan evin xeyri artar; orada yaşayanları sıxmaz. Belə evlərə mələklər toplanar, şeytanlar uzaqlaşar. İçində Quran oxunmayan ev orada yaşayanlara dar gəlir; belə evlərin xeyir və bərəkəti az olar; mələklər bu evdən uzaqlaşar; oraya şeytanlar yığışar. İçində Quran oxunan, məna və şərhiylə məşğul olunan ev, ulduzların yer üzünü işıqlandırdığı kimi, səma əhli üçün işıqlandırılar". (əd-Darimi, 2/429-430; əl-Heysəmi, 7/171).
Qiyamət günü Quranın öz sahibinə şəfaət etməsi: Peyğəmbər buyurdu: "Quran oxuyun! Çünki Quran qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir!" (Muslim "Salatul-Musafirin", 252).
Digər hədisdə deyilir: "Qiyamət günü oruc və Quran öz sahibi üçün şəfaətçi olacaqlar". (əl-Hakim "Mustədrək", 1/554; Əbu Nueym, "əl-Hilyə", 8/161).
Quran oxumağın ədəb-ərkanı: İbn Kəsir bəzi ədəb qaydalarını qeyd etmiş və belə demişdir: "Quran oxuyarkən dəstəmazlı olmaq, misvaklanmaq, gözəl geyimini geyinmək, qibləyə tərəf yönəlmək, əsnəyərkən oxumağı dayandırmaq, zərurət olmadan söhbət edərək qiraəti kəsməmək, fikrini oxuduğuna cəmləmək, müjdə verən ayələrdə dayanıb dua etmək, əzab ayələrində dayanıb Uca Allaha sığınmaq, Quranı açıq saxlamamaq, üzərinə bir şey qoymamaq, digər oxuyanlara baxıb bəhsə girərək səsini yüksəltməmək, bazar və lağ-lağı olan yerlərdə oxumamaq".
Quranla əməl etmək: Quranla əməl etmək dedikdə Quranda halal buyurulan şeyləri halal görmək, haram buyurulan şeyləri isə haram görmək lazımdır. Həmçinin, qadağan edilən şeylərə yaxınlaşmamaq, əmr edilən şeyləri isə yerinə yetirmək lazımdır. Quran verilmiş, ancaq onunla əməl etməyən insanlar barəsində şiddətli hədis varid olmuşdur. Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: "Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: "Sizlərdən kim bu gecə yuxu görüb?" - deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: "Allahın istədiyi oldu!" - deyərdi. Bir gün yenə soruşdu: "Sizlərdən bu gecə yuxu görən olubmu?" Biz: "Xeyr!" - deyə cavab verdikdə o, dedi: "Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa (Müqəddəs torpaq deyildikdə, Beytul-Müqəddəs və ya Şam nəzərdə tutulur) apardılar.... Biz yolumuza davam etdik. Nəhayət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə başqa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış adamın başını əzirdi. Daşı (hər dəfə) onun başına vurduqda daş yumbalanıb gedirdi. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bitişərək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: "Bu kimdir?" - deyə soruşdum. (Mənə): "Get!" - dedilər. (Sonra isə onlar bunları izah edərək dedilər): "Bəli! … Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış (burada gecə namazına qalxmamaq nəzərdə tutulur), gündüzlər isə onun içindəkilərə əməl etməmişdir. Qiyamət gününədək onun başı beləcə əziləcək". (əl-Buxari, 1386).
Quran, Qiyamət günü onu oxumayan və əməl etməyənlərdən şikayət edər: Rəvayət edilir ki: "Qiyamət günü bir adam gətirilər. Quran, bu insanın qarşısına bir insan cildində çıxar. Gətirilən bu adam, Quranın fərzlərini zay etmiş, qadağalarını tapdalamış, et dediklərini etməmiş, etmə dediklərini etmiş biridir. Quran, bu adamı Allaha belə şikayət edər: "Ya Rəbbi! Mənim ayələrimi nə pis əzbərlədi, sərhədlərimi aşdı, fərzlərimi əda etmədi, mənə tabe olmağı tərk etdi, günah saydığım şeyləri işlədi". Quran, ortaya dəlillər qoyaraq iddiasını davam etdirər. Bu zaman Uca Allah: "Al bu adamı, nə halı varsa görsün" buyurar. Quran, onu əlindən tutar və üzü üstə Cəhənnəmə atana qədər arxasından əl çəkməz". (əl-Heysəmi, 7/160).
Başqa rəvayətlərdə də, Quranın qiyamət günü insanların lehində və əleyhinə dəlil olacağı bildirilmişdir. (Muslim; ət-Tirmizi).
Övladı Quran öyrənən kimsənin savabı: Peyğəmbər demişdir: "Kim Quran oxuyar, öyrənər və ona əməl edərsə, Qiyamət günü onun valideynlərinə günəş kimi parıldayan nurlu tac taxılar. Həmçinin onlara dünyada misli olmayan ipəkdən paltar geyindirilər. Onlar təəccüblə soruşarlar: Bunlar bizə nə üçün verilmişdir? Onlara deyilər: Bu, sizin övladlarınız Quran öyrəndikləri üçündür". (əl-Hakim).