
AzXP -nin təşkilatçılığı ilə Avropada yaşayan siyasi mühacirlər Almaniyanın Bonn şəhərində aksiya keçirib. AzXP sədri Abid Qafarov AZƏRBAYCAN XALQ PARLAMENTİ -nin qətnaməsini BMT rəsmilərinə təqdim edib.
Foto.info.az AZƏRBAYCAN XALQ PARLAMENTİ -nin Qətnaməsini təqdim edir.
AZƏRBAYCAN XALQ PARLAMENTİ
Siyasi təqiblərə və siyasi repressiyalara son qoyulması və siyasi məhbusların azad edilməsi haqqında
QƏTNAMƏ
Azərbaycan Xalq Parlamentinin 8 və 9-cu plenar iclaslarında Azərbaycan Respublikasında uzun illərdir davam edən siyasi həbslər, vətəndaş cəmiyyətinə, müstəqil mediaya və fərqli düşüncəyə qarşı tətbiq olunan repressiv siyasət müzakirə olunmuş, bu xüsusda tarixi və müasir faktlar geniş şəkildə təhlil edilmişdir. Aşağıda qeyd olunan əsaslı səbəblər və faktlar nəzərə alınaraq millət vəkilləri tərəfindən aşağıdakı qətnamə qəbul edilir:
1. Qətnamənin məqsədi:
Bu sənədin əsas məqsədi Azərbaycanda siyasi motivlərlə həyata keçirilən təqib və həbslərə hüquqi-siyasi qiymət verilməsi, repressiya siyasətinin pislənməsi və bütün siyasi/vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsinin tələb olunmasıdır. Bu qətnamə bütün Avropa və beynəlxalq təşkilatlara göndərilərək ölkədəki durum haqqında xəbərdar ediləcək.
2. Xalqımıza qarşı törədilən siyasi repressiyaların qısa xronologiyası:
• Azərbaycan xalqı 1937-ci il Stalin-Bağırov repressiyalarından bu günə qədər fərqli formalarda siyasi zorakılıqlarla üz-üzə qalmışdır.
• 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlməklə siyasi təqiblər başladı və geniş vüsət aldı.
• 1993-cü il 4 İyun silahlı dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyətinə qarşı sistematik şəkildə aparılan repressiyalar nəticəsində yüzlərlə şəxs şərlənərək həbs edilmiş, azad fikrin daşıyıcıları təqibə məruz qalmış və fiziki cəhətdən məhv edilmişlər.
• 1995-ci ilin OMON hadisələri və sonrakı illərdə aparılan siyasi təqiblər dövlətin qanun adı altında vətəndaşlara qarşı zor tətbiq etdiyinin göstəricisidir.
• Heydər Əliyevin ölümündən 22 il keçməsinə baxmayaraq, onun dövründə siyasi motivlərlə həbs edilmiş şəxslər hələ də həbsxanalardadır.
• 2003-cü ildə hakimiyyəti qanunsuz üsullarla, xalqa qarşı zorakı üsul və silah tətbiq etməklə ələ keçirən İlham Əliyev həmin repressiyaları davam etdirdi.
3. İlham Əliyev dövründə repressiyaların artması:
• 2003-cü ildən başlayaraq siyasi həbslər yeni mərhələyə qədəm qoymuş, partiya liderləri, jurnalistlər, hüquq müdafiəçiləri və dindarlar genişmiqyaslı şəkildə həbsə salınmışdır.
• 2002, 2009 və 2016-cı illərdə Konstitusiyaya edilən dəyişikliklər, prezidentlik müddətinin uzadılması və vitse-prezident postunun yaradılması avtoritar idarəçilik modelinin möhkəmləndirilməsinə xidmət etmişdir.
• AXCP və Müsavat partiyasının onlarla üzvü həbs edilmiş, onlara qarşı polis orqanlarında və cəzaçəkmə yerlərində vəhşi işgəncələr verilməkdədir. Xüsusilə, Niyaməddin Əhmədov, Aqil Hümbətov və Əlzamin Salayevə verilən amansız işgəncələr hakimiyyətin qəddar mahiyyətini sübut edir.
• Hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının rəhbəri Rüfət Səfərov şərlənərək həbs edilib.
• Vətəndaş cəmiyyətinin fəal üzvlərindən olan, Harvard məzunu Bəxtiyar Hacıyev də şərlənərək həbs edilib.
• İşgəncə sübutetmə metodu kimi ölkənin bütün istintaq, polis və məhkəmə orqanlarında geniş tətbiq olunur.
• 44 günlük Vətən müharibəsindən sonra qazilərin, jurnalistlərin, ictimai fəalların təqibi və həbsi xalqın mübarizə əzmini sındırmaq məqsədi daşıyan addımlar kimi qiymətləndirilir.
• 100-dən artıq qazi intihar edib, onlarla qazi həbsdədir. Hazırda Tofiq Yaqublu, Rza Səfərsoy və Hacı Vəliyev kimi Qarabağ qaziləri şərlənərək həbs edilib.
4. Medianın susdurulması və ifadə azadlığının məhdudlaşdırılması:
• 2023–2024-cü illərdə Xural TV rəhbəri Əvəz Zeynallı, “Abzas Media” (8 nəfər - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Aysel Umudova, Fərid Mehralızadə), “Toplum TV” (9 nəfər - Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Müşfiq Cabbar, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev, Fərid İsmayılov, Elmir Abbasov), “Meydan TV” (10 nəfər - Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağa (Ağayev), Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülvi Tahirov), “Kanal 13” rəhbəri Əziz Oruc, “Demokratik.az” saytı (1 nəfər – Osman Nərimanoğlu Rzayev) və digər müstəqil media qurumlarının əməkdaşlarının həbsi, həmçinin xarici media qurumlarının (Azadlıq radiosu, Amerikanın Səsi, Bloomberg, BBC Azərbaycan) akkreditasiyasının ləğvi, ölkədə informasiya blokadası yaratmaq niyyətini açıq şəkildə göstərir.
• Rejim hətta regionlarda fəaliyyət göstərən jurnalistləri, Cəlilabad rayonundan Elnur Şükürov və Rəşad Şahbazov, Şimal zonasında fəaliyyət göstərən Cəmil Məmmədlini həbs etməklə ölkədə söz azadlığını tam məhv etməkdə qərarlı olduğunu göstərir.
• Azərbaycanın ən yüksək səviyyədə Rusiya tərəfindən idarə edilməsinə baxmayaraq, bir azyaşlı xəstə uşaq anası Nəzakət Məmmədova DTX-də və Müdafiə Nazirliyində mövcud qanunsuzluqları ifşa etdiyinə görə “Rusiyaya casusluq” ittihamı ilə 13 il azadlıqdan məhrum edilib.
• Bəzi beynəlxalq təşkilatların nümayəndəliklərinin bağlanması Azərbaycanı dünyadan təcrid etmək və beynəlxalq nəzarətdən yayınmaq niyyətindən xəbər verir.
• İlham Əliyevin 10.04.2025-ci ildə verdiyi müsahibədə “Avropa İnsan Haqları Məhkəməsi”nin qərarlarının icra edilməyəcəyi haqda anonsu onun ölkəni Avropa institutlarından kənarlaşdırmaq və tam izolyasiya etmək niyyətini sübut edir.
• Hazırda 35 nəfərdən çox jurnalist və bloqqer həbsdədir. Bu fakt Əliyev hakimiyyətinin ölkədə söz azadlığını boğmasına danılmaz bir sübutdur.
• Hakimiyyəti tənqid edən satirik şair İbrahim Xudayi narkotiklə şərlənərək həbs edilib.
• Alim-tədqiqatçı İqbal Əbilov da şərlənərək həbs edilib.
5. Vicdan məhbusları haqqında:
• 2024-cü ilin əvvəlində açıqlanmış siyahıya əsasən, ölkədə 357 siyasi məhbusdan 235-i dindarlardır. Bu, dini inanclara görə tətbiq olunan təqiblərin miqyasını göstərir.
• Nardaran, Gəncə, Eurovision, Tovuz və “Fazil Qəzənfəroğlu” məhbusları dini motivli şərləmələrin və kütləvi həbslərin bariz nümunəsidir.
• “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) yüzlərlə üzvü narkotiklə şərlənərək həbs edilib, hərəkat lideri Tale Bağırzadə isə 20 il müddətə azadlıqdan məhrum edilib. Ölkədəki qanunsuzlara, özbaşınalıqlara, insan haqlarının total pozulmasına qarşı etiraz edən Taleh Bağırzadənin uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi cəmiyyətdə xof və qorxu yaratmağa xidmət edir.
• Bir çox şəxslər “İran cəsusu” adı ilə saxlanılaraq sonradan narkotika ilə bağlı maddələrlə şərlənərək həbs olunur.
• Son zamanlar dini məhbusların qadın ailə üzvlərinə qarşı törədilən polis zorakılığı halları insan hüquqlarının vəziyyəti ilə bağlı ölkə daxilində və xaricində kütləvi tədbirlərlə müşayət olunan ciddi etirazlara səbəb olub.
6. Xalq etirazlarının qanunsuz zorakılıqla yatırılması:
• Bənəniyar (2010), Quba (2012), İsmayıllı (2013), Saatlı (2023), Söyüdlü (2023), İmişli (2025) hadisələri göstərir ki, xalqın sosial və ekoloji tələblərlə bağlı narazılıqları qanunsuz zorakılıqla yatırılır, vətəndaşlar kütləvi şəkildə həbs edilir.
• Tərtər işi ölkə tarixində ən ağır dövlət cinayətlərindən biridir və bu cinayətə görə məsul şəxslərin cəzasız qalması ədalətsizliyin davamlı olduğunu göstərir. Əksinə, bu cinayətdə iştirakı olan şəxslər İlham Əliyev tərəfindən müxtəlif dövlət mükafatları ilə təltif olunur, vəzifələri artırılır və himayə edilir. Müdafiə Naziri Zakir Həsənov 3 orden və 5 medalla, Baş Qərargah Rəisi Nəcməddin Sadıqov 1 medal və 1 orden ilə, 1-ci Ordu Korpusu komandiri Hikmət Həsənov 2 orden və 4 medalla, 2-ci Ordu Korpusu komandiri Mais Bərxudarov 5 medalla, Hərbi Prokuror Xanlar Vəliyev 1 orden və 2 medalla təltif olunub.
7. Xaricdə fəaliyyət göstərən fəallara təzyiqlər:
• 2024-cü ilin Aprel ayında deputat Zahid Orucun Milli Məclis tribunasından “xaricdə yaşayan siyasi fəalların legitim hədəflər kimi məhv edilmə zərurəti” ilə bağlı çağırışından sonra, Fransada yaşayan Vidadi İsgəndərlinin 01.10.2024-cü ildə qətli, mühacirətdə yaşayan digər fəalların təhdidlər alması bu repressiyanın beynəlxalq miqyasa çıxmasının sübutudur.
• Siyasi fəallar və jurnalistlər hakimiyyətin sifarişi ilə xarici ölkələrdə də həbs edilir. Əfqan Sadıqlının Gürcüstanda, Elvin İsayevin Ukraynada və Hacı Zülfüqar Mikayılzadənin Rusiyada həbs olunması hakimiyyətin repressiyalarının beynəlxalq miqyasda davam etdiyini təsdiqləyir.
8. Azərbaycan Xalq Parlamentinin üzvlərinin təqibləri
• Hazırda Azərbaycan Xalq Parlamentinin 4 üzvü siyasi məhbus həyatı yaşayır. “Xural TV” rəhbəri Əvəz Zeynallı qurama ittihamlarla 9 il, Elvin İsayev 8 il, Rza Səfərsoy 2 il 9 ay azadlıqdan məhrum edilib, 1-ci qrup əlilliyi olan Famil Xəlilova isə 2 il sınaq müddəti ilə şərti cəza verilib.
• Millət vəkili Ziyafət Abbasova mütəmadi olaraq polis zorakılığına, insan şərəf və ləyaqətinə zidd olan davranışlara məruz qalır. Polis təqibindən yaxa qurtarmaq üçün o tez-tez yaşadığı ünvanı dəyişməyə məcbur olur.
• Millət vəkili Arzuman Xasməmmədov əsassız olaraq zorla ruhi-əsəb dispanserinə yerləşdirilib.
• Millət Vəkili Səriyyə Qəmbərova dövlət əmlakının talanması barədə hüquq-mühafizə orqanlarına faktlarla məlumat versə də, nəticədə indi özü təqib olunur və məhkəmə ona 1000 manat cərimə cəzası təyin edib. Millət vəkili Səriyyə Qəmbərova ilə bağlı baş verənlər sübut edir ki, prezident İlham Əliyevin “qanunsuzluqlarla bağlı siqnal verin” çağırışları əslində fəal vətəndaşların müəyyən edilərək cəzalandırılması və susdurulmasına xidmət edir.
• Millət vəkili Təranə Səfərsoy həyat yoldaşı Rza Səfərsoy evində həbs edilərkən polis tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qoyulub.
• Sabiq millət vəkili Frizman Bağırov naməlum şəxslər tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalıb.
9. Siyasi məhbusların sağlamlıq problemləri
• Siyasi məhbusların sağlamlıq hüququ təmin edilmir. Qubad İbadoğlu həbsdə olduğu müddət ərzində ciddi ürək problemi yaşadığı halda peşəkar həkim müayinəsi və müalicəsilə təmin edilmədi.
• Əvəz Zeynallıya həbsxanada xərçəng diaqnozu qoyulub, onun bağırsağında olan bədxassəli şiş artıq qara ciyərinə metastaz verib. Təcili azad olunmalı və müalicə ilə təmin edilməlidir.
• Rza Səfərsoya Beyin damarlarının qansızması və trombozu ilə fəsadlaşan eritremiya, Dağınıq sklerozu, III dərəcəli qan dövranı çatmazlığı ilə gedən ürək xəstəlikləri, Ürəyin qazanılmış və anadangəlmə qüsurları, Ürək əzələsinin kəskin təkrarı transmural və geniş ocaqlı infarktı, ürəyin dayanıqlı ritm pozğunluğu və kəskinləşən ürək çatmazlığının üstünlüyü ilə gedən formalar, Həzm sistemi üzvlərinin xəstəlikləri, Bağırsaqların və digər həzm orqanlarının kaxeksiya stadiyasında sorulma pozğunluqları ilə müşahidə olunan xəstəlik diaqnozları qoyulub. İndi onu 3 saylı Cəzaçəkmə Müəssisəsində saxlayırlar və əldə edilən məlumatlara görə onun müalicəsi təmin olunmur.
• Jurnalist Polad Aslanov sağlamlığı ilə əlaqədar problemləri həll edilmədiyinə görə 05.04.2025-ci il tarixdən aclıq aksiyasına başlayıb.
• Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq 01.04.2025-ci ildən aclıq aksiyasına başlayıb. Hazırda Tofiq Yaqublu sürətlə çəki itirir və sağlamlığında problemlər yaranmağa başlayıb.
• Azər Qasımlının sağlamlıq problemləri həll edilmir və həbsxana şəraitində onun vəziyyəti daha da pisləşir.
• Samir Aşurovda “Hepatit C” aşkarlansa da, onun müalicəsi həyata keçirilmir.
• Pünhan Kərimovun ürəyi ilə bağlı şikayətlərinə baxılmır, problemi həll edilmir.
10. Siyasi fəalların ailə üzvlərinə basqılar
• Jurnalist Arzu Abdulla Gülzamanı susdurmaq və vicdan məhbuslarının müdafiəsi ilə bağlı fəaliyyətini saxlamaq üçün onun həyat yoldaşı Bəxtiyar Babaşov narkotiklə şərlənərək həbs edilib. Bu fakt təkcə jurnalist və fəalların özlərinin deyil, həmçinin onların ailə üzvlərinin, hətta yaxınlarının da repressiyaya məruz qalmasına sübutdur.
• Mühacirətdə fəaliyyət göstərən bloqqerlər Məhəmməd Mirzəli və Orduxan Bəbirovun qadın ailə üzvləri gecə vaxtı polis orqanlarına gətirilərək alçaldıcı psixoloji işgəncələrə məruz qalıb.
• Mühacirətdə fəaliyyət göstərən, AzerFreedom TV rəhbəri hüquqşünas Qurban Məmmədovun övladları yaşadıqları onlara məxsus mənzillərdən polis gücünə çıxarılıb, öz evi isə ailə üzvləri orada yaşadıqları halda polis nəzarəti altında icra orqanları tərəfindən vəhşicəsinə dağıdılıb, ailə üzvləri və azyaşlı nəvələri küçəyə atılıb. Onların Azərbaycanda yaşamalarına imkan verilmir, qanunsuz üsullarla təqib olunduqlarına görə vətəni tərk etməyə məcbur ediliblər.
• Abid Qafarovun müəllifi olduğu “Andaluniya” və “Mələyin Ölümü” adlı kitablarını müsadirə etmək məqsədilə onun evinə polis basqın edib, ailə üzvləri və yaxınları polis tərəfindən saxlanılıb, psixoloji və fiziki təzyiqlərə məruz qalıblar. Müsadirə edilən kitablar məhv edilib.
• AzXP Rəyasət Heyətinin üzvü, millət vəkili Xatirə Cəbrayılovanın anası Xanım İmamverdiyeva əsassız olaraq zorla ruhi-əsəb dispanserinə yerləşdirilib.
• Millət vəkili Faiq Əliyevin 2018-ci ildə evi qanunsuz olaraq icra orqanları tərəfindən dağıdılıb.
11. Azərbaycana deportasiya olunan siyasi fəalların həbsi
• Almaniyadan deportasiya olunan siyasi fəallar ölkəyə daxil olduğu andan təqiblərə məruz qalır və həbs olunur. Mütəllim Orucov, Pünhan Kərimli, Malik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurov azadlıqdan məhrum ediliblər.
• Famil Xəlilov İsveçdən deportasiya olunduqdan sonra şərlənərək həbs edildi, hazırda o, şərti cəzaya məhkum edilib.
12. Seçki institutunun məhv edilməsi
• “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM) rəhbəri Anar Məmmədli həbs edilib.
• Seçki saxtakarlıqlarını və məmur cinayətlərini ifşa edən jurnalistlərin (Nurlan Qəhrəmanlı, Fərid İsmayılov, Fatimə Mövlamlı, Teymur Kərimov, Arzu Sayadoğlu, Hafiz Babalı) həbs olunması ölkədə seçki cinayətlərinin ictimailəşdirilməsinin qarşısını almağa, söz və mətbuat azadlığının tam şəkildə məhv edilməsinə xidmət edir.
Azərbaycan Xalq Parlamentinin tələbləri:
1. Bütün siyasi və vicdan (dini) məhbusları dərhal və qeyd-şərtsiz azad edilsin.
2. Siyasi həbslərə səbəb olan qanunsuz və siyasi sifarişli, işgəncə tətbiqi ilə aparılan istintaq və məhkəmə proseslərinə yenidən baxılsın, bəraət qərarları verilsin, həmçinin onların pozulmuş hüquqları tam şəkildə bərpa edilsin.
3. Seçki azadlığına, ifadə və media azadlığına qarşı yönəlmiş bütün formalarda təqib və təzyiqlər dayandırılsın.
4. Tərtər işi üzrə çıxarılmış hökmlərlə sübut olunduğu kimi, Hərbi Prokurorluq tərəfindən işgəncə yoluyla aparılmış bütün cinayət işləri üzrə həbs edilmiş şəxslər azadlığa buraxılsın, onların pozulmuş hüquqları tam bərpa edilsin, qanunsuz qərar və hökmləri qəbul edən, işgəncəni təşkil edən vəzifəli şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilsin.
5. Beynəlxalq insan hüquqları təşkilatlarının Azərbaycanda siyasi məhbuslarla bağlı araşdırmalar aparmasına şərait yaradılsın.
6. Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları tam icra olunsun.
7. Bütün məhbusların sağlamlıq hüququ təmin edilsin, onların müayinə və müalicəsi həyata keçirilsin.
8. Bütün istintaq, polis və məhkəmə orqanlarında məhbuslara işgəncələrin verilməsi dayandırılsın və işgəncə icraçıları qanunla cəzalandırılsın.
9. Cəzaçəkmə və müvəqqəti saxlama yerlərində ictimai nəzarətin həyata keçirilməsi təmin edilsin.
10. İlham Əliyevin Avropa Məhkəməsinin qərarlarını icra etməyəcəyi ilə bağlı verdiyi bəyanatı qəti pisləyirik. Bu bəyanatın dövlət və milli maraqlarımıza zidd olduğunu qeyd etməklə, bunun Avropa Şurasına daxil olarkən Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə uyğun olmadığını bəyan edirik.
Abid Qafarov
Azərbaycan Xalq Parlamentinin sədri
12 Aprel 2025