Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərov azadlığa çıxıb.
Bir ay öncə də Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.
C. Cəfərov və T. Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.
2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib.
Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb.