
İran hökuməti Prezident Məsud Pezeşkianın çıxışının bir hissəsini yayımdan çıxardığı üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, xəbərdarlığın məqsədi cəmiyyətdə birlik və həmrəyliyi qorumaq, parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaqdır.
O, dövlət televiziyasının yayımlarda ayrı-seçkiliyə və senzuraya yol verməsi ilə bağlı suala cavabında yerli medianın cəmiyyətdəki bütün səsləri, o cümlədən hökumətin mövqeyini əks etdirməli olduğunu vurğulayıb.
Bundan əvvəl İran dövlət televiziyasında Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmmədbaqer Qalibafın çıxışlarının bəzi hissələrinin ixtisar edildiyi bildirilmişdi.
Prezidentin oğlu Yusif Pezeşkian dövlət televiziyasının bu addımını sərt tənqid edib. O, ölkənin yüksək vəzifəli şəxslərinin çıxışlarının hansı hissələrinin yayımlanmasına kimin qərar verdiyini sorğulayıb.
Yusif Pezeşkian bildirib ki, əgər dövlət televiziyasında qərar verən şəxsin mövqeyi hakimiyyət qolları rəhbərlərinin qərarından daha üstün hesab edilirsə, ölkənin idarəçiliyi də həmin şəxsə həvalə olunmalıdır.
İranın xarici işlər naziri Abbas Əraqçi də dövlət televiziyasından narazılığını ifadə edib. Nazir xarici televiziya kanallarına verdiyi müsahibələrin İran dövlət televiziyasında yayımlanmadığını bildirib.