(Yazıçı-publisit Namiq Atabəyli Azərbaycanın Birinci Bəyimi (Azərbaycan Respublikasının I Vitse-prezidenti) Mehriban Arif qızı Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə bağlı suallara cavab verir. İntervü AtaTv.az Xəbər Portalının baş redaktoru Rəsafil Bayramov tərəfindən götürülmüşdür.-Red.)
Sual (Rəsafil Bayramov): -Namiq müəllim, “Şirvanşahlar haqqında saqa” roman epopeyanızda Aazərbaycan tarixinin bir çox qadın xadimlərinin silsilə obrazlarını yaratmışsınız. Məsələn, “Şirvanşah Böyük Axsitan” romanınızda şirvan hökmdarının bibisi İsmətəddin Əfridun qızı və anası Tamar bəyim Baqrationi, xanımı Səfvət-İslam, şair İbrahim Əli oğlu Xaqaninin anası Rabiyə xatun və xanımı Mehr Banu, “Şirvanşah Şeyx İbrahim Dərbəndi. Uşaqlıq və gənclik illəri” romanınızda gələcək şirvanşahın ilk kəsrani sevgilisi və əmisiqızı Fərəhnak bəyim, xanımı Nurbikə Turanduxt və i.a. Bu diqqət sizdə hardan yaranmışdır?..
(Namiq Atabəyli): -Atam jurnalist Rəşid Fərəcov şirvan xalqının ağsaqqalıdır. O, Bakı Universitetinin ilk jurnalistika məzunlarından biri olmuşdur. Hələ orta məktəb illərimdə atamın “Diplom işi”ni əlimə alıb oxumuşdum: “Azərbaycan qadının inkişaf tarixi.” Həmin elmi-tədqiqat işində təsvir edilmiş qadın xadimlər arasında Aida İmanquliyevin də ismi vardı. Mən onda başa düşdüm ki, atam nə üçün böyük bacımın adını “Aida” qoymuşdur. Mən özüm də Bakı Universitetinin filologiya fakültəsini bitirmişəm. Azərbaycan və dünya ədəbiyyatının Qadın qəhrəmanları məni daim özünə cəlb etmişlər. Oxuyub öyrəndiklərimdən bir həqiqəti dəqiq başa düşmüşəm: bəşəriyyət öz tarixi inkişafını Qadına borcludur.
Sual:-Namiq müəllim, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti haqqında sizin silsilə yazılarınız dərc edilmişdir. Bunun özəl bir səbəbi varmı?..
Cavab:- Bəli! Öncə geniş bir açıqlama vermək istəyirəm. Bilirsiniz ki, mən 1994-cü ilin 18 aprelinə qədər Parlamentin “Azərbaycan” qəzetində çalışmışam. Həmin gün məni Prezidentin Mətbuat Katibliyi xidmətinə dəvət elədilər və sözü gedən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası ƏQM-nin 36-cı Maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə Prezident Aparatına işə götürdülər. 10 ildən yuxarı Mətbuat Katibliyində böyük məsləhətçi vəzifəsində çalışdım. ilk ayları kənara qoysaq, bütün bu 10 ildə rəhbərsiz bir qrumda fəaliyyət göstərdim. Mən jurnalist oğluyam. Mövqeyimi bildirməkdən heç zaman çəkinməmişəm. Mənim Aparata gəldiyim ilk aylarda Ramiz Mehdiyev də şöbə müdirliyindən Aparat rəhbərliyinə təyin edildi. Onun barəsində Ə.Vəzirovun “qərəzkar” və “regionçu” ifadəsi yadıma düşdü. Düzü, “Azərbaycan” qəzetinin redaktoru, rəhmətlik Əmir Mustafayevin mənə təklif etdiyi “Məktublar şöbəsi”ndən imtina edib, Prezident Aparatına gəldiyimə peşiman oldum. Ramiz Mehdiyev haqqında təxminlərim özünü çox gözlətmədi. 1995-ci ilin məşum Mart çevriliş cəhdi hadisələrindən (bu barədə ilk publisistik məqaləni mən yazıb dərc etdirmişəm: “Xəyanətin zirvəsi”. AZƏRBAYCAN qəzeti, 17 mart 1995. № 51(1068) az sonra, Administrasiya Rəhbəri məni yanına çağırtdırıb, qarşıma qəti bir tələb qoydu: “Mənim əlimə oynayacaqsan!..” Mən ona nəzakətlə “burda hamımız yalnız bir ələ oynayırıq” deyib etirazımı bildirdim. O gündən mənimlə Ramiz Mehdiyev arasında kəskin münaqişə start götürdü. Ətrafımdakı keçmiş dostlarımın əksəriyyəti satılaraq, əks tərəfə keçdilər... Mən meydanda təkləndim. Müxalifət qəzetləri mənim yazılarım hələ qəzet redaksiyasına təhvil verilməmiş əleyh-məqalələrlə çıxış etməyə başladılar. Arxadan zərbələrin hardan tuşlandığını yaxşı bilirdim... Mehdiyev məni bir neçə dəfə Sərəncamla işdən azad elədi. Amma hər dəfə bu “sərəncamlar” anulirə olundu... Odur ki, o, sonradan Ulu Öndər Heydər Əliyev dünyasını dəyişənəcən, mənə əl vurmaqdan çəkindi. Heydər Əliyev mənim onun barəsində yazılarımdan yaxşı xəbərdar idi. Hələ 1990-cı ilin 20 iyununda “Azərbaycan müəllimi” qəzetində yazıçı Əkrəm Əylisli ilə “İnsan olduğumuz yerdən...” adlı bir müsahibəm dərc edilmişdi. Bu müsahibədə imkan tapıb, Heydər Əliyev barəsində müsbət fikirlər səsləndirmişdim... Bu və digər yazılarım Ulu Öndər haqqında İkinci Hakimiyyəti dönəmində nəşr edilmiş ilk pozitiv publisistik kitabımda (Bakı-1996, İşıq nəşriyyatı) toplu halında işıq üzü gördü. Maraqlıdır ki, kitabım işıq üzü görən gün məni səhər çağı evimdən eşiyə çıxmamış həbs etdilər. Amma Nərimanov Rayon Polis İdarəsinin rəisi günortaya kimi işə çıxmadı: günortadan sonra mənə “müvəqqəti tutuqlu” arayışı verib azadlığa buraxdılar. Bütün incəlikləri ilə baş verənləri “Jurnalist oğlu” avtobioqrafik romanımda təsvir etdiyim üçün ətraflı izaha keçmirəm. Sualınıza qayıdıram: Heydər Əliyevin xəstəlik keçirdiyi illərdə Prezident Aparatında Mənzil bölüşdürdülər. Mən 10 noyabr 1994-cü il tarixində № M-01 Protokolu üzrə Prezident Aparatında mənzil şəraitini yaxşılaşdırmaq üçün növbəyə durmuşdum. 1999-cu ildə mənzil bölgüsü apardılar. Təbii ki, mən bu siyahıda olmadım. Vəziyyətin ağırlığını başa düşürdüm. Heydər Əliyev dünyasını dəyişən kimi “dərsim veriləcəkdi...” Bax bu zaman anti-şirvan qaragüruhun içərisindən salamat başımı çıxarmaq üçün Mehriban Əliyevaya tərəf boylandım...
Sual:- Namiq müəllim! Birinci Vitse-prezidentimiz möhtərəm Mehriban Əliyeva haqqında xeyli məqalə və çıxışlarınızı AtaTv.az Xəbər Portalı olaraq oxucularınıza çatdırmışıq. “Mehriban Əliyeva: Avrasiya geosiyasətinin yeni qadın lideri” adlı I Vitse-prezidentin son Moskva səfəri ilə əlaqədar geniş təhlil məqaləniz Atatv.az; uluses.com.az və s. saytlarda işıq üzü gördü... Mehriban xanımın bir geosiyasi fiqur kimi siyasi fəaliyyətinə daha çox Avrasiya kontekstində yanaşmanızı nə qədər ciddi hesab etmək olar? Geniş ictimaiyyət Azərbaycanın Qarabağ torpaqlarının erməni işğalını daha çox Rusiya ilə əlaqələndirir...
Cavab:- Mən jurnalist olmaqla bərabər, həmçinin də bir yazıçıyam. Doqquz nəşr edilmiş bədii kitabın müəllifiyəm. Tarixi romanlarım, poemalarım, publisistika və poetika kitablarımla ölkəmizdə və xaricdə oxucular arasında tanınıram. “Şirvanşahlar haqqında saqa” adlı tarixi-epoxal romanların (onlardan üçü nəşr edilmişdir), dörd poemanın- “Müəllim” (2016) , “Ana ürəyi” (2013), “Şahid” (2010) və “Eol arfası” (1978), verlibr poetikasından bəhs edən “Azad şeir və onun poetikası” (2017) elmi-nəzəri əsərin, Ümummilli Lider haqqında II Hakimiyyəti dövründə nəşr edilmiş ilk kitabın- “Azadlığın qədri” (1996), habelə nəşr edilmiş üç klassik Divanın – “Vahidiyəm Azərbaycanın” (2014), “Seyidəm, ərseyi-eşq içrə...” (2014), “O xəyalımdakı Şirvan” (2015), habelə yüzlərcə publisistik məqalənin müəllifiyəm. Hesab edirəm ki, Geosiyasət ən ciddi sənətlərdən biridir. İran, Rusiya, Ermənistan, Gürcüstan, Türkiyə və Orta Asiya ölkələri əhatəsində yerləşmiş Azərbaycan Respublikasının bütün tarixi və gələcək perspektivləri belə deməyə əsas verir ki, onun əsas geosiyasi oyundaşı yalnız Rusiya ola bilər. Mən “Şirvanşahlar haqqında saqa” adlanan epopeyamın III Kitabını təzəcə tamamlamışam. Onu Bakı Universitetinin banisi və ilk Rektoru Vasili İvanoviç Razumovskiyə ithaf eləmişəm. Qədim oturaq mədəniyyətin Qafqazda ilk varisi sayılan şirvan xalqının tarixi təcrübəsinə söykənərək, deyə bilərəm ki, Rusiya ilə Şirvanşahlar dövləti arasındakı mürəkkəb tarixi-siyasi münasibətlər “Qarabağ münaqişəsi”nin də həlli yollarına işıq salır. Son posmodern tarixi romanımı bu günlərdə oxucuya təhvil verəcəyəm. Arzu edirəm ki, nəinki azərbaycanlılar, bütün Qafqaz xalqları bu gün düçar olduqları ağır hərbi-siyasi kataklizmlərin mahiyyətini “Şirvanşah Şeyx İbrahim Dərbəndi” əsərimdən öyrənməyə çalışsınlar...
Sual:- Sizi ictimai dairələrdə daha çox Rusiyanın adamı sayılan Ramiz Mehdiyevin 23 aprel 2004-cü il tarixli 12 №-li Sərəncamı ilə Prezidentin Mətbuat Katibliyində böyük məsləhətçi vəzifəsindən azad etmişlər. Belə çıxır ki, Mehriban Əliyevaya olan ümidləriniz də doğrulmamışdır?!.
Cavab:- Ramiz Mehdiyevin Rusiyada hansı dairələrlə əlaqədar olduğunu mən yaxşı bilirəm. Azərbaycanda Avrasiya Birliyi platformasına Ramiz Mehdiyev qədər ağır zərblər endirmiş ikinci şəxs yoxdur. O, uzun illər Prezident yanında Kadr və Dövlət qulluğu Komissiyasının sədri olmuşdur. Bu gün İlham Əliyevin təmizləmə işləri apardığı korrupsioner məmurları da Dövlət qulluğuna məhz o gətirmişdir. İlham Əliyevin Prezidentliyə namizədliyi və ilk Prezidentliyi dönəmində mənim onun təbliğatı ilə bağlı xeyli məqaləm dərc edilmişdir: “İlham Əliyev və Azərbaycanın inkişaf resursları”( “Azad Azərbaycan” qəzeti. 5 sentyabr 2003-cü il); “İlham Əliyev: dəyişməz kurs dəyişən dünya kontekstində”( “Səs” qəzeti, 20 fevral 2004-cü il., №- 41(2077). Səh.: 1-2.); “Qlobal laylhələr və perspektivdəki Azərbaycan” (“Azad Azərbaycan” qəzeti, 21 aprel 2004-cü il); “Çağdaş lider: ideal və həqiqətin ittifaqı”. “Demokratiya” qəzeti. (13-20 fevral 2003-cü il). Və s. və i.a. Bütün bu yazıları Prezident Aparatının poçtundan çıxarıb, onun özünə yetişməsini əngəlləmişdilər. Odur ki, vəzifədən R.Mehdiyevin təbiri ilə desək, “vurulmamışdan” bir ay əvvəl, ata və ana babası atam ilə mənim Universitet müəllimlərimiz olmuş (Mir Cəlal və Nəsir İmanquliyev) Mehriban Əliyeva ilə əlaqədar “Milli mədəniyyətimizin inkişaf perspektivləri” adlı publisistik bir yazı hazırladım. Bunu özümü qorumaq üçün yazdım desəm, yalan olmaz... Yazını “Səs” qəzetinə təqdim elədim. Məşhur 91-lərdən biri olan jurnalist dostum Ariz Əbdüləliyev məqalənin 17 mart 2004-cü il tarixdə çapa gedəcəyini bildirdi. Həmin gün Prezidentin Mətbuat Katibliyi xidmətinə 10 ildən sonra Katib təyin edildi. Məqaləm isə “Səs” qəzetində dərc olunmadı?!. Ariz bəy məqalənin “nömrədən çıxarılsın” qeydli redaksiya nüsxəsini mənə verdi və mənim barəmdə məlum qüvvələrin oyun hazırladığını söylədi. OYUN çox ləngimədi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Brüsseldə İnformasiya və Kommunikasiya vasitələrinin inkişafı üzrə Dünya sammitində olduğu günlərdə Ramiz Mehdiyevin Sərəncamı ilə məni işsiz qoydular... Mən bu zaman 46 yaşında idim. Orta məktəbdən məzun olmağa hazırlaşan iki qız övladın atası idim. Evdə yeganə maaş gətirən şəxsdim. Məni hətta əvvəlki iş yerimə belə geri göndərmədilər. Mətbuat katibliyi xidmətində 10 illik əmək stajımı da nəzərə alsaq, həmin günədək 20 illik jurnalistlik fəaliyyətim vardı. İlk jurnalist fəaliyyətimə “İlham” qəzetində şöbə müdiri kimi başlamışdım. İlk mətbu işim Naxçıvanda blokada şəraitində çalışan Heydər Əliyevin müsahibəsini çalışdığım qəzet üçün hazırlamaq olmuşdu. Redaktoun təklifi ilə Naxçıvana hazır suallarla keçmiş SSRİ Teatr İttifaqı Yaradıcılıq İstehsalat Birliyinin Azərbaycan bölməsində direktorun təsərrüfat işləri üzrə müavini çalışan Kamaləddin Fəttah oğlu Heydərovla birgə Salahəddin Quliyev adlı birini Heydər Əliyevin görüşünə yolladıq. S.Quliyev bir vaxt “Bakı” qəzetinin redaktoru Nəsir İmanquliyev tərəfindən işdən azad edilmişdi. Naxçıvana gedənlər bir neçə həftədən sonra Heydər Əliyevin diktofon çıxışını bizə gətirdilər. Onu Redaktor (Əmir Pəhləvan) ilə Müsahibə şəklinə saldıq. “Vətənin şimalı-cənubu yoxdur” adlı bu yazı “İlham” qəzetinin ilk saylarında işıq üzü gördü. Bakıda Fövqəladə Hərbi Vəziyyət şəraitində qəzetin həmin nömrəsinin Senzura nüsxəsini Baş Redaktor ilə Mən birgə imzalayıb nəşriyyata təhvil verdik... Sonrakı fəaliyyətim isə göz qabağında olub. Silahlı çevriliş cəhdlərinə qarşı Baş məqalələri “Azərbaycan” qəzeti üçün mən yazmışam (Bax: “Azərbaycan” qəzeti. Xəyanətin zirvəsi. 17 mart 1995-ci il, № 51/1068). Avratlantik yönümlü müxalifəti mən ideoloji cəhətdən darmadağın etmişəm. Ümummilli Lider haqqında II Hakimiyyəti dövründə nəşr edilmiş ilk publisistik kitabın- “Azadlığın qədri” (1996) müəllifi də mənəm...
Bu günlərdə Azərbaycan Prezidentinin Xüsusi qarantin rejimi ilə bağlı Qərarını pozaraq, Toy tədbiri keçirmiş Ramiz Mehdiyevin ətrafındakı yaxın dost və əqrəbaları olan məsuliyyətsiz dövlət məmurlarını və onun özünü İnternet saytlarında görərkən, “başqaları keçirəndə olur, nədən mənə olmaz” statusu ilə AMEA-nın e-vasitələrində bəyanat verən Akademiya rəhbəri ilə 10 il bir yerdə çalışdığımdan xüsusi xəcalət keçirdim... Akademiyanı siyasi tribunaya çevirmiş bu cənab insan hüquqlarını tapdalayaraq qanunsuz şəkildə “vəzifədən azad etdiyi” məmurları “vurulmuşlar” adlandırır, özünü “qumar daşı” saymadığını bəyan edərək, “əqidəm var” söyləyir... 2017-ci ilddə Prezidentin Sərəncamı ilə Jurnalistlər üçün tikilmiş II Binanı təhvil verdilər. Ramiz Mehdiyev bu bölgüdə də mənim Ərizəmin üzərindən qara xətt çəkdirdi. Artıq 63 yaşıma gəlib yetişdiyimi, ömrümün 30 ilini Azərbaycan Milli jurnalistikasına həsr etməyimi və indiyədək cəmi 18 kvadrat metrlik mənzildə yaşadığımı gözəl bilən bu cənab ətrafına yığılmış qulbeçələri ilə naqis kimliyini bir daha təsdiq elədi. Əlbəttə, bu barədə Prezident Aparatına: İlham və Mehriban Əliyevlərə şikayət ərizələri göndərmişəm. İndi orda nə Ramiz Mehdiyev var, nə də Əli Həsənov!! Amma MEHDİYEVÇİLİK ambissiyasının kökündən yox olub olmadığı haqqında hələlik bunu deyə bilmərəm... Mən sabiq Administrasiya Rəhbərinin xalqa və vətənə ləyaqətlə xidmət eləmiş neçə-neçə keçmiş məmurun əmək fəaliyyətinə nədən son qoyduğunu yaxşı bilirəm...
Sual:- Elə isə 23 aprel 2004-cü ildə işdən azad edilməyinizi, indiyəcən işsiz qaldığınızı, təqaüd və mənzillə təmin edilmədiyinizi nə ilə əlaqələndirirsiniz?..
Cavab:- İlk növbədə şirvanlı olmağımla! İkinci planda isə Mehriban Əliyevanın mənim vəzifədən kənarlaşdırılmağımdan az sonra Heydər Əliyev Fonduna rəhbər təyin edilməsilə... Rəqiblər məni işdən uzaqlaşdıran kimi barəmdə “Olaylar”, “Musavat” kimi qəzetlərdə hədyanlar yazdırmağa başladılar... Əli Həsənov bir-iki hədyan söyləyib kənara çəkildi, yerini qohumu Yunus Oğuza verdi... Siyahı uzandıqca uzandı. Bu siyahının bir ucu indiki Mətbuat Şurasının bəzi üzvlərinə, bir ucu isə sabiq Əli Həsənovun jurnalist- reketirlərinə kimi gedib çıxdı.
Sual:- Belə çıxır ki, sizi həm müxalifət, həm də iqtidaryönlü mətbuat atəşə tutmuşdur... İndi bir çox keçmiş müxalif jurnalistlər “iqtidaryönlü” olub, xüsusən Prezident və I Vitse-prezident barədə gen-bol mədhiyyələr yazıb dərc edirlər. Sizin indiyə kimi ala bilmədiyiniz təqaüd və mənzili də onlar çoxdan əldə ediblər...
Cavab:- Əlbəttə, heç kəsə mövqeyini dəyişmək qadağan edilmir. Amma Tarixdən də kimsə qaça bilməz... Sabiq ABŞ prezidenti Ronald Peyqan yaxşı jurnalist olub. Deyirdi ki, kimsə səhv etməkdən sığortalanmayıb. Amma həyatda sonradan düzəldilməsi mümkün olmayan səhvləri buraxmaq olmaz. Məncə, ağıllı fikirdir. Xüsusən, jurnalistika sahəsində çalışanlar üçün bu daha faydalıdır.
Sual:- Mehriban Əliyevanın dünya miqyaslı geniş ictimai-siyasi fəaliyyətləri Qafqazda Böyük Sülhün, nəhayət, bərqərar edilməsinə nə kimi töhfə verə bilər?
Cavab:- Mən Mehriban Əliyevanı ictiami-siyasi fəaliyyətinə görə Nobel Sülh mükafatına irəli sürmüş ilk yazıçıyam. XXI əsrdə müharibə yolu ilə heç nəyə nail olmaq mümkün deyil. Sovet İttifaqı dağılandan sonra Avrasiya məkanında azadlıq hərəkatları üfüqü deyil, maili inkişaf elədi. Mən buna əslində tənəzzül deyirəm. Keçmişin acı təcrübəsini unutmaq olmaz. Müharibə kimlər üçün gəlirli biznes, kimlər üçünsə, sadəcə, bədbəxtlik deməkdir. Nə Ermənistanda, nə də Azərbaycanda müharibəpərəst qüvvələrin heç birinin nə özünün, nə də yaxın əqrəbalarının burnu belə indiyədək qanamayıb. Amma hərbcu pafoslu nitqlər onların ağızlarından əskilmir. Mənim öz kiçik kəndimdə Atabəylilər soyumdan olan dörd gənc həyatını Qarabağda qurban vermişdir. Halbuki, erməni-qriqoryan Atabekyanlar ilə müsəlman-sünni Atabəylilər eyni qıpçak nəslin qanını daşıyırlar. Ulu Öndər Heydər Əliyev Azərbaycanın uğurlu Neft strategiyasını irəli sürərkən ölkəmizdəki “müharibə komandası” savaşın davam etdirilməsini tələb edirdi. Jurnalist camiəsi içərisində yalnız mən Heydər Əliyevə səs verdim: “Sülhə alternativ yoxdur” sərlövhəli məqaləmlə “Azərbaycan” (25 may 1994-cü il, № 99(863) qəzetində çıxış etdim. Bu gün jurnalistlərə, yazıçılara, mədəniyyət işçilərinə paylanmış təqaüd və mənzillər həmin Heft strategiyasının bəhrəsidir. Azərbaycanın ərazi bütövlüyü şəksiz bərpa edilməlidir. Amma bunun yolu xalqlararası sülh və danışıqlardan keçir. İnsanlar dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bir yerdə yaşamağı öyrənməlidirlər. Odur ki, hesab edirəm: Mehriban Əliyevanın şəxsində bu gün bütün mütərəqqi Qafqaz ictimaiyyəti Böyük Sülhün canlı timsalını görür.
Sual:- Mehriban Əliyevanı yalnız Rusiyada deyil, Avropa və Amerikada da yüksək nüfuzlu siyasi xadim kimi qiymətləndirirlər...
Cavab:- Tamamilə doğru deyirsiniz. Əsl siyasi xadim birtərəfli ola bilməz. Siyasət mümkün olanı əldə edə bilmək sənətidir. Mehriban Əliyevanın apardığı böyük siyasət özünün çoxbucaqlı vektoral səciyyəsilə Vətən üçün yüksək milli və beynəlxalq nailiyyətlər əldə etməyə hesablanmışdır. Onun vəzifə və titullarını sadalamayacağam. Amma bunu deməyə bilmərəm: Azərbaycanın Birinci Ledisi xalqımızın müasir dünya miqyaslı ilk qadın siyasi xadimidir. Xalqımıza xas mənəvi-etik keyfiyyətlərdən biri özünü kişi sayanların Qadına qarşı mübarizə aparmaqdan çəkinməsidir. Gələcəkdə “Möminə xatun Atabəyli” adlı daha bir tarixi roman yazmaq fikrim var. Möminə xatun xalqımız üçün iki hökmdar qadın tərbiyə eləmişdir: qız nəvələri- Cəlaliyyə və Zübeydə xatun. Onlardan ikincisi haqqında oxucularımız az məlumata malikdir. Bu barədə 2000-ci illərin ortalarında mənim “Həftəiçi” və “İslam” qəzetlərində “Sultan Səlahəddini yenmiş xatun: Ərmənşah Zübeydə Atabəyli” adlı bir məqaləm dərc edilmişdir. Həmin Atabəyli hökmdar xatunların hər ikisi barədə Nizami Gəncəvi, İbrahim Əli oğlu Xaqani Şirvani və Mücirəddin Beyləqaninin gözəl mədhiyyələri var. Zübeydə xatun əri Nurəddinin vəfatından sonra Ərmənşah (-Xilat hökmdarı) olmuş və bu zaman Ərməniyyəni Misir məmlük dövlətinə birləşdirmək istəyən Sultan Səlahəddin Əyyubiyə qarşı qoşun çıxarmışdı. Xaç yürüşçüləri ilə müharibədə xüsusi ad çıxarmış məşhur Misir sultanı öz qoşununu Zübeydə xatunun qarşısından geri çəkərək, savaşdan və ata yurdu olmuş bu torpaqlardan birdəfəlik imtina eləmişdi. Bu gün Mehriban bəyim Əliyevaya qarşı şərəfsiz üsullarla mübarizə aparan “bəzi üzdəniraq azərbaycanlılar” bir şeyi də bilməlidirlər: onların mənəviyyatsız hərəkətləri xalqımızın klassik Kişilik kateqoriyası ilə bir araya sığmır. İkinci tərəfdən, bu gün minlərcə vətəndaş həm siyasi partiya və ictimai təşkilatlar halında, həm də mənim kimi fərdi planda birləşərək Mehriban Əliyevanın İnkişafda olan vahid böyük Azərbaycan siyasi xəttini bəyənir və müdafiə edir.
Sual:- Namiq bəy, sabah 26 avqust günü Respublikamızın Birinci Xanımı, I Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın Ad Günüdür. Bu münasibətlə Birinci Ledimizə nə arzulayırsınız?..
Cavab:- Son aylar asudə vaxtlarımda məşhur hind kino-ssenaristi Radjeş Djoşi ilə rejissor Santram Vermanın hazırladığı “Codha və Əkbər” (Djodxa i Akbar) adlı seriala rus tərcüməsində tamaşa edirəm. Hindistan Moqol imperiyasının ən ünlü simalarından biri olmuş sultan Cəlaləddin Məhəmməd Əkbər (Əmir Teymurun nəticəsidir. Babur şahın nəvəsi, Humayunun oğludur) ilə racpu şahzadəsi imperatiriça Codhanın “Tac Mahal” zirvəsinə çevrilmiş məhəbbətinin tərənnümü sayılan bu kino-epopeya mənə çox şeyləri öyrətdi. Həqiqətən, hər bir cəmiyyətin yüksəlişinin əsas faktoru QADINdır. Mən xalqımızın Birinci Bəyimi Mehriban Arif qızı Əliyevaya can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, sülh və əmin-amanlıq, ictimai-siyasi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!.. Fikrimi böyük qızım Aynur Atabəylinin İstanbul Bahçeşehr Universiteti Sosial elmlər fakültəsində magistr təhsili aldığı illərdə Türkiyənin çoxtirajlı siyasi “Orta Doğu” qəzetinin 4 mart 2011-ci il tarixli sayında dərc edilmiş “Bir şiir Mehriban Hanım için” əsərindən bir parça ilə bitirmək istəyirəm. Onu da deyim ki, qızım ilk Əmək fəaliyyətinə Birinci Ledimizin rəhbərlik etdiyi “I Avropa oyunları. Bakı-2015.” komitəsində dizayner kimi başlamışdır :
Heydər Məktəbində tamamladınız.
Birinci Xanımdır indi adınız.
Beytül Mal etdiniz Heydər Fondunu.
Bayrağa çevirdiz Vətən andını.
Zəfərdir coşduran Vətənin qanın.
Yaşayır ümidi Azərbaycanın!..