[
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı Berlində etiraz aksiyası təşkil olunub.
İyulun 21-də Almaniya Federativ Respublikasına səfər edən İlham Əliyev ölkənin Federal Kansleri Fridrix Mertslə görüşüb. Görüşün keçirildiyi vaxt Almaniyada yaşayan azərbaycanlı siyasi mühacirlər Vüsal Hüseynov, Orxan Həsənli, Aslan Mehtiyev, Ələmdar Büniyatov, Əfqan Muxtarlı, Mehman Hüseynov, Elşən İsgəndərov, Rauf Nəsibov, Alik Aslanov, Allahyar Ağalarov, Ravil Həsənov və Natiq Nəcəf Kanslerliyin qarşısına toplaşaraq etirazlarını bildiriblər.
Aksiya iştirakçıları Azərbaycanda həbsdə olan jurnalistlərin, dini inanclı şəxslərin və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Etirazçılar xüsusilə jurnalistlərin peşə fəaliyyətinə, dini inanclı şəxslərin isə baxışlarına görə təqib edilməsini kəskin tənqid ediblər.
Onlar bu həbslərin söz, fikir, media və vicdan azadlığının məhdudlaşdırılmasının göstəricisi olduğunu bildirərək, baş verənlərin Avropa insan hüquqları standartlarına zidd olduğunu vurğulayıblar.
Qeyd edilib ki, iyunun 15-dən etibarən Berlində Azərbaycanda həbsdə olan qadın jurnalistlərə və dini inanclarına görə həbs edilmiş qadınlara dəstək məqsədilə aclıq aksiyası keçirilir.
Etirazçılar Azərbaycan hakimiyyətini siyasi motivli həbslərə son qoymağa, beynəlxalq qurumları isə ölkədəki insan hüquqları vəziyyətinə daha prinsipial münasibət göstərməyə çağırıblar.
Aksiya Berlin polisinin nəzarəti altında, sülh və qanun çərçivəsində keçirilib. İştirakçılar Azərbaycanda həbsdə saxlanılan jurnalistlərin, dini inanclı şəxslərin və siyasi məhbusların azad edilməsini bir daha tələb ediblər.