
Nikol Paşinyan Ermənistanda parlament seçkiləri öncəsi yayımladığı videomüraciətdə hökumətinin son 8 ildəki fəaliyyətini dəyərləndirib.
Ermənistanın baş naziri bildirib ki, hakimiyyətinin ən böyük nailiyyəti ölkədə sülhün təmin olunmasıdır. O, 2018-ci ildən əvvəl ölkədə sabit sülhün olmadığını deyib:
“Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi”.
Paşinyanın sözlərinə görə, Qarabağ məsələsinin həlli üçün əsas çərçivə hələ 1996-cı ildə keçirilmiş Lissabon Sammitində müəyyənləşdirilmişdi və sonrakı proseslər yalnız münaqişənin təxirə salınmasına xidmət edib.
O iddia edib ki, Ermənistan uzun illər “tələ” vəziyyətində olub və hökuməti ölkəni həmin vəziyyətdən çıxarıb:
“İtkilərimiz və qurbanlarımız bahasına biz Ermənistanı o tələdən çıxardıq”.
Baş nazir əlavə edib ki, 2018-ci ildə qarşılarında duran əsas təhlükə Ermənistanın suveren dövlət kimi mövcudluğunu itirməsi idi. Onun fikrincə, əks halda ölkə “hətta nəfəs almaq üçün belə icazə almağa məcbur olan bir banan respublikasına çevrilə bilərdi”.