
Quba rayonunun bir neçə kəndinin adı dəyişdirilib.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Eyni zamanda, həmin inzibati ərazi dairəsinin adı da dəyişdirilərək Elbir kənd inzibati ərazi dairəsi olacaq.
Bundan əlavə, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi isə Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi də Çinarlı kənd inzibati ərazi dairəsi kimi rəsmiləşdiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.