Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 14-də Brüsseldə Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüş keçirib. Görüşdən sonra yayımlanan birgə bəyanatda Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında möhkəmlənən tərəfdaşlığa sadiqlik ifadə olunub.
Bəyanatda Aİ-nin Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və demokratik islahatlarına dəstək verdiyi vurğulanıb. Həmçinin bildirilir ki, Aİ-nin Ermənistana yatırımlarının ümumi həcminin 2,5 milyard avroya çatacağı gözlənilir.
2024-cü ilin aprelində elan edilən 270 milyon avroluq “Dayanıqlılıq və İnkişaf Planı” Aİ-nin Ermənistana maliyyə dəstəyini 50% artırıb. Plan çərçivəsində 200 milyon avro birbaşa qrant, 70 milyon avro isə investisiyaları təşviq edən əlavə qrant kimi nəzərdə tutulub. Bu maliyyə Ermənistanın sosial-iqtisadi islahatlarını, enerji, nəqliyyat və özəl sektor sahələrində əməkdaşlığın dərinləşdirilməsini dəstəkləyəcək.
Bəyanatda Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar da müsbət qiymətləndirilib.
Avropa İttifaqı həmçinin Ermənistanın informasiya mühiti və söz azadlığının inkişafına dəstək məqsədilə bu ölkənin müstəqil media qurumlarına 1,5 milyon avro maliyyə ayıracağını açıqlayıb.
Qeyd edək ki, bu ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib.