
Keçmiş deputat və həbsdə olan iş adamı Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Bu barədə məlumat onun həyat yoldaşı Fəridə Bəydəmirli tərəfindən sosial mediada paylaşılıb.
Fəridə Bəydəmirli həmin gün Nazim Bəydəmirlinin səhhətinin qəfil pisləşdiyini bildirib və Penitensiar Xidmətin rəhbərliyinə, eləcə də Ədliyyə Hospitalının rəisinə təcili xəstəxanaya yerləşdirilməsi üçün müraciət etmişdi.
Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra iyulun 4-də həbs olunub. O, ilkin olaraq əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə və sonradan təhdid yolu ilə tələb etmə maddələri ilə ittiham olunub. 2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il azadlıqdan məhrum edib.
N.Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır. Hüquq müdafiəçiləri onun siyasi məhbus olduğunu qeyd ediblər.