Əli Kərimli deyir ki, partiyaya qarşı təzyiqlər yenidən artıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Yevlax rayon şöbəsinin fəalı Şamil Cəfərovun həbs olunduğu bildirilir.
Bu barədə AXCP məlumat yayıb.
Bildirilir ki, fevralın 11-də Yexlax Rayon Məhkəməsinin qərarı ilə Şamil Cəfərova 15 sutka verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə ittiham olunub.
AXCP bəyan edib ki, fəal heç bir qanun pozuntusuna yol verməyib. O, sosial şəbəkələrdə sosial-siyasi məsələlərlə bağlı tənqidi rəylərinə görə cəzalandırılıb.
AXCP sədri Əli Kərmili isə partiyaya qarşı təzyiqlərin yenidən artdığını deyib. Xatırladıb ki, bu, son 3 ayda inzibati qaydada həbs olunan 10-cu AXCP fəalıdır.
Hazırda AXCP-nin 10-dan artıq üzvü müxtəlif ittihamlarla həbsdədir.
Partiya sədri Əli Kərimli haqqında da dekabrda ittiham hökmü çıxarılıb. Lakin cəbhəçilərin heç biri özünü təqsirli bilmir, şərlənərək həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edir.