İyunun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirini daha bir ay, iyulun 28-dək uzadıb. İstintaq orqanı vəsatətini Hacıyevə qarşı yeni ttihamların irəli sürülməsi ilə izah edib. Vəkil Rövşanə Rəhimli Turana deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları qondarma və sifarişli adlandırıb.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Bəxtiyar Hacıyevə yeni ittihamlar irəli sürməkdə məqsəd nədir?
Hüquq müdafiəçisi, “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmsədri Rüfət Səfərov ASTNA-nın suallarını cavablandırıb.
* * *
Sual: Rüfət bəy, iyunun 16-da Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin daha 4 maddəsi ilə yeni ittihamlar irəli sürüldü. Hardan çıxdı bu yeni ittihamlar?
Cavab: Bəxtiyar Hacıyevin cinayət törətmədiyi, qanunazidd hərəkət, ya da hərəkətsizliyə yol verdiyinə inanmıram. Əksinə, ona inanıram ki, Bəxtiyarın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verən müstəntiq, təqdimat hazırlayan prokuror, nəhayət bunları təmin edən hakim hüquqazidd mövqe ortaya qoyub, aşkar surətdə siyasi hakimiyyətin, konkret desək, daxili işlər naziri Vilayət Eyvzaovun təlimatını icra edib. Əlbəttə, bunlar ölkədə istintaq korpusunun, məhkəmələrin müstəqil olmamasından, siyasi hakimiyyətin əlində repressiv alət funksiyası daşımasından xəbər verir. Sözsüz, Bəxtiyar saxlandığı andan etibarən onun vicdan məhbusu anlayışının təsir dairəsinə düşdüyünü, bəlli kriteriyalara cavab verdiyini bəyan etmişik, tənqidi qeyd, rəy və çıxışlarına görə cəmiyyətdən təcrid edilidyini önə çəkmişik. Faktiki olaraq Bəxtiyar bu gün DİN-nin girovluğundadır və nazir Vilayət Eyvazov ondan ağır şəkildə qisas alır. Təsəvvür edin, dövətin siyasi və hüquqi sifətləri tənqidçi vətəndaş fəalını qanunsuz surətdə həbs edir, məhkəməyə hörmətsizlikdə, xuliqanlıqda ittiham edir, sosial şəbəkə hesablarını ələ keçirir, şəxsi həyat toxunulmazlığını kobud surətdə pozur, mənəvi terrora məruz qoyur, ictimai və beynəlxalq müdafiədən məhrum edir, bütün bunlar azlıq edirmiş kimi, ittihamın həcmini genişləndirir, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə (qanunsuz sahibkarlıq, qaçaqmaqlçılıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) təqsirləndirir. Şübhəsiz, Bəxtiyar və müdafiəçiləri ittihamın məzmun və məcmusunu rədd edib. Biz də anlayırıq ki, bu, Hacıyevin həbsə qədərki ictimai-siyasi mövqeyi ilə əlaqədardır. Və ona görə də müəyyən çətinliklərə baxmayaraq, vicdan məhbusu Bəxtiyar Hacıyevin müdafiə işini davam etdiririk.
Sual: Bu ittihamları verməkdə məqsəd nədir?
Cavab: Əvvəlki ittihamlar üzrə Bəxtiyarı 3 ilədək azadlıqdan məhrumetmə gözləyirdisə, indi onu 12 ilədək azadlıqdan məhrumetmə gözləyir. Məncə, hakimiyyət Hacıyevi saxta motivlər üzrə ağır cinayətdə ittiham etməklə onu uzun müddətə cəmiyyətdən təcrid etmək məqsədi güdür.
Sual: ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb ediblər. Buna baxmayaraq ona qarşı yeni ittihamlar irəli sürülür. Belə çıxır ki, hakimiyyət Bəxtiyar Hacıyevi həbsdə saxlamaqda israrlıdır?
Cavab: Əlbəttə israrlıdır. Buna həm də insan hüquqları sahəsində ixtisaslaşan beynəlxalq təşkilatların, siyasi güc mərkəzlərinin, Avropanın və Qərbin ictimai və dövlət institutlarının rəsmi Bakı ilə repressiya siyasətinin durdurulması məqsədilə ciddi dialoq realizə etməməsi də rəvac verir. Hökumətə yönəlik çağırış və xitablar yetərli olmamaqla real nəticələr doğurmur, növbətçi xarakterli bəyanatlar kimi diqqət cəlb edir. Avropa məkanında insan haqları sahəsində vahid standartları müəyyən edib, üzv ölkələrə ixrac edən AŞPA, dünyada özünü demokratiyanın hamisi kimi göstərən ABŞ, Avropanın dövlətlərüstü təşkilatı olan AB Azərbaycanda insan haqlarının vəziyyətinə dair adekvat siyasət yürütmür. Çox təəssüf ki, iqtisadi və enerji maraqları prioritetdir, demokratik quruluş və insan haqları problemi arxa plandadır. Uzağa getməyək, biz bunun bariz nümünəsini ötən gün ABŞ-ın Azərbaycandakı səfirliyində təşkil edilən ziyafətdə qadın hüquq müdafiçələrinə, jurnalistə göstərilən münasibətdən də gördük və təəssüf etdik. Yeri gəlmişkən, xanımların hərəkətlərini alqışlayıram.
Sual: Sizcə, Bəxtiyar Hacıyev niyə hədəfə gəlib? Ondan nəyin qisasını almağa çalışırlar?
Cavab: Bəxtiyar Hacıyev vətəndaş cəmiyyətinin parlaq nümayəndələrindən idi. Etiraf edirəm ki, kibercinayətkarlıq, şəxsi həyatın toxunulmazlığı prinsipinin kobud biçimdə pozulması, mənəvi terror öz işini gördü, Bəxtiyarın ictimai müdafiəsi axsadı, onun ictimai nüfuzu zərbə aldı. Hökumət beynəlxalq dairələrdə tanınan və yüksək səviyyədə qəbul edilən ictimai fəalın, hüquq müdafiəçisinin mövcudluğu ilə barışmadı . Bəllidir ki, Bəxtiyar həbsinədək hakimiyyətin repressiv siyasətinə qarşı məqsədyönlü və ardıcıl iş aparırdı. İşgəncələrdə rol alan polis zabiti Kərim Əlimərdanovun Maqnitski Aktı çərçivəsində sanksiya siyahısına düşməsində hüqüq müdafiəçisi kimi Bəxtiyar Hacıyevin əməyi vardı. Bu, Azərbaycan tarixində ilk təcrübə idi. Təsadüfi də deyil ki, həmin məlumat yayılar-yayılmaz Bəxtiyar saxlandı. Məhz bundan sonra dövlət başçısı İlham Əliyev Bəxtiyarın həbsinə dair sanksiya verdi. Eyni zamanda, Bəxtiyarın cinayət xarakteri daşımayan səhv və xətaları, vəziyyətin bu şəklə düşməsində məsuliyyəti vardımı? Var, özü də xeyli. Amma hazırda bu istiqamətdə detallara varmağı düzgün hesab etmirəm. Çünki o, hüquq siyasəti ilə qətiyyən barışmadığım hökumətin hər gün daha da sərtləşən repressiya maşınının girovluğundadır. Aşkar vicdan məhbusudur. Haqq etdiyi azadlığa qovuşsun, tənqidi qeyd və fikirlərimi birbaşa özünə demək imkanım olacaq və cəmiyyət də bundan xəbərdar olacaq.