
Fevralın 1-i bazar günü Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd-keçid məntəqəsinin sınaq rejimində açılması nəzərdə tutulur. Bu, təxminən bir ildən sonra keçidin ilk dəfə fəaliyyətə başlaması olacaq.
Məlumata görə, sərhəd-keçid məntəqəsinin fevralın 2-dən tam şəkildə işləməsi planlaşdırılır. İlkin mərhələdə gündə təxminən 150 nəfərin Qəzzadan çıxışı, eyni zamanda 50 nəfərin Qəzzaya geri qayıtması təmin ediləcək.
Keçid prosesi 2025-ci ilin yanvarında tətbiq olunan mexanizmə bənzər qaydalar əsasında həyata keçiriləcək. Belə ki, sakinlər İsraildən təhlükəsizliklə bağlı əvvəlcədən razılıq aldıqdan sonra, Avropa İttifaqının müvafiq missiyasının nəzarəti altında Misir tərəfi ilə razılaşdırılmış şəkildə “Rəfah” keçidindən istifadə edə biləcəklər.
Qeyd edək ki, “Rəfah” keçid məntəqəsinin açılması Qəzza zolağında humanitar vəziyyətin yüngülləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.