
Lənkəran şəhəri və Astara rayonunda məhkəmə qərarları əsasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları yandırılmaqla məhv edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verib.
Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və yerli rayon (şəhər) komissiyaları tərəfindən 105 məhkəmə hökmü üzrə az və xeyli miqdarda narkotik vasitələrin məhv edilməsi həyata keçirilib. Onlardan 84 hökm Lənkəran, 21 hökm isə Astara üzrə qəbul edilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşının iştirakı ilə icra olunub, videoçəkiliş aparılaraq müvafiq məlumat daşıyıcısı ilə aktlara əlavə edilib.
Bu tədbir qanunsuz dövriyyədən çıxarılan narkotiklərin tamamilə zərərsizləşdirilməsinə xidmət edir və Dövlət Komissiyasının narkotiklərlə mübarizə sahəsində nəzarət mexanizminin şəffaflığını təmin edir.