
Donald Tramp administrasiyası ABŞ-dən kənarda daimi yaşayış icazəsi — “Green Card” üçün müraciət edən bəzi şəxslərdən immiqrant vizası verilməzdən əvvəl 100 min ABŞ dollarınadək maliyyə təminatı tələb olunması təklifini nəzərdən keçirir.
Təklifin əsas məqsədi ABŞ-yə köçən şəxslərin özlərini maliyyə baxımından təmin edə bilməsini yoxlamaq və onların dövlətin sosial yardım proqramlarından asılı vəziyyətə düşməsinin qarşısını almaqdır.
Məlumata görə, tələb bütün müraciətçilərə deyil, maddi vəziyyəti ilə bağlı risk yarandığı hesab edilən bəzi immiqrantlara şamil oluna bilər.
Hazırda ABŞ-nin müvafiq dövlət qurumları təşəbbüsü rəsmi şəkildə elan etməyib. İmmiqrant vizalarının və yaşıl kartların verilməsi qaydalarında hələlik hər hansı dəyişiklik qüvvəyə minməyib.
Təklif Tramp administrasiyasının son dövrlərdə bəzi müvəqqəti viza kateqoriyaları üzrə maliyyə girovu proqramlarını genişləndirməsindən sonra gündəmə gəlib.