
Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi hakimləri korrupsiyada ittiham edərək onların cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bildirib.
O, bu açıqlamanı hökumətdə keçirilən brifinq zamanı keçmiş seçki saxtakarlığı işi üzrə tanınmış siyasətçi Qagik Tsarukyanın bəraət almasına münasibət bildirərkən səsləndirib.
“Bu nə deməkdir ki, Tsarukyan seçkilərdə rüşvət vermə işi ilə bağlı saxlanılır və sonra bəraət alır? Kim deyə bilər ki, onu kimsə pulsuz bəraət etdirib? Mən məhkəmə sistemini korrupsiyada ittiham edirəm”, – Paşinyan deyib.
Baş nazir əlavə edib ki, korrupsiyada şübhəli bilinən hakimlər məsuliyyətə cəlb olunacaq və onların adları açılan cinayət işləri çərçivəsində ictimaiyyətə açıqlanacaq.
Paşinyan həmçinin seçki nəticələrinə münasibət bildirərək, “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsini vətəndaş dəstəyi ilə izah edib, müxalifəti isə seçiciləri ələ almaqda ittiham edib.
Onun sözlərinə görə, parlament seçkilərində “Vətəndaş Müqaviləsi” 727 827 səs, digər siyasi qüvvələr isə ümumilikdə 749 909 səs toplayıb.
Baş nazir çıxışında həmçinin korrupsiya işi üzrə saxlanılan şəxslərin ən azı növbəti parlament seçkilərinədək həbsdə saxlanılmasının vacibliyini də qeyd edib. O bildirib ki, belə şəxslərin erkən azadlığa buraxılması dövlətə qarşı fəaliyyət kimi qiymətləndirilə bilər.