
Avropa Mərkəzi Bankı (AMB) 2023-cü ilin sentyabrından bəri ilk dəfə əsas faiz dərəcəsini artırıb.
Bankın Rəhbərlər Şurasının qərarına əsasən, əsas faiz dərəcəsi 0,25 faiz bəndi yüksəldilərək 2,25 faizə çatdırılıb. Qərar bazar iştirakçılarının və analitiklərin gözləntilərinə uyğun olub.
AMB faiz artımını əsasən Körfəz regionunda davam edən hərbi gərginlik fonunda neft qiymətlərinin bahalaşması və bunun Avrozonada inflyasiya təzyiqlərini gücləndirməsi ilə əsaslandırıb. Avrostatın ilkin məlumatlarına görə, may ayında Avrozonada illik inflyasiya 3,2 faiz olub ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi 2 faizlik hədəfdən yüksəkdir.
Bununla yanaşı, AMB Avrozonanın iqtisadi artım proqnozunu da aşağı salıb. Yenilənmiş qiymətləndirməyə əsasən, region iqtisadiyyatının 2026-cı ildə 0,8 faiz artacağı gözlənilir. Mart ayında açıqlanan proqnozda isə bu göstərici 0,9 faiz səviyyəsində nəzərdə tutulmuşdu.
Qərar biznes dairələri və həmkarlar ittifaqları tərəfindən tənqidlə qarşılanıb. Onlar hesab edirlər ki, faiz dərəcələrinin artırılması kredit resurslarını bahalaşdıracaq və iqtisadi aktivliyə əlavə mənfi təsir göstərəcək.