
Göygöl rayonunda iki azyaşlının ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə rayonun Bəhranbağ qəsəbəsi ərazisində yerləşən süni göldə azyaşlıların batması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Axtarış-xilasetmə tədbirləri nəticəsində 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha sonra göldə batan digər azyaşlı – 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Faciə ilə əlaqədar yerli sakinlərə və valideynlərə uşaqların su hövzələri yaxınlığında nəzarətsiz buraxılmaması ilə bağlı bir daha diqqətli olmaq tövsiyə edilir.