Azərbaycanda yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq pul nişanları gələn aydan etibarən dövriyyəyə buraxılacaq.
Yeni əskinaslarda saxtalaşdırmanın qarşısını almaq məqsədilə ən son təhlükəsizlik texnologiyalarından istifadə olunub. Pul nişanında üçölçülü mikrogüzgü effektinə malik rəngini dəyişən holoqram, dinamik işıq effekti yaradan və rəngi dəyişən manat simvolundan ibarət “Spark Flow Prime” elementi yer alıb.
Bundan əlavə, əskinas işığa tutulduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominal dəyəri əks etdirən su nişanı görünəcək.
Yenilənmiş 100 manatlıq əskinaslarda görmə qabiliyyəti məhdud şəxslər üçün də xüsusi tanıma elementləri nəzərdə tutulub. Pul nişanının ön hissəsinin sağ və sol kənarlarında yerləşdirilən qabarıq xətlər vasitəsilə əskinasın nominalını və həqiqiliyini toxunmaqla müəyyən etmək mümkün olacaq.
Mərkəzi Bankın məlumatına görə, yeni 100 manatlıq əskinaslar mövcud əskinaslarla paralel şəkildə tədavüldə olacaq.