
Bakının Xətai rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ön dövlət qeydiyyat nişanı olmadan hərəkət edən “Chevrolet” markalı, 77-SB-704 dövlət nömrə nişanlı avtomobili saxlayıblar.
Avtomobili idarə edən 32 yaşlı Məhəmməd Vəliyevin sənədləri yoxlanılarkən onun davranışları polis əməkdaşlarında şübhə yaradıb. Bu səbəbdən sürücünün tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, Məhəmməd Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşdirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Məhəmməd Vəliyev inzibati qaydada həbs edilib. Eyni zamanda, onun nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.