
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydalarının dəyişdirilməsi təklif olunur.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.
Hazırkı qanunvericiliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmasına görə dövlət rüsumu tutulmur.
Yeni layihə ilə bu güzəştin ləğv edilməsi təklif edilir. Dəyişiklik qəbul olunarsa, qeydiyyat üçün dövlət rüsumunun tətbiqi mümkün olacaq. Rüsumun konkret məbləği isə müvafiq qanunvericiliklə müəyyən ediləcək.
Dəyişiklik müvəqqəti yaşama icazələrinə də aiddir. Hazırda Miqrasiya Məcəlləsində nəzərdə tutulan bəzi əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumu tələb olunmur.
Təklif olunan dəyişiklikdə isə bu cür rüsumdan azadolma hallarının birbaşa Miqrasiya Məcəlləsi ilə deyil, “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilməsi nəzərdə tutulur.
Layihə qəbul ediləcəyi təqdirdə, əcnəbilərin qeydiyyatı və müvəqqəti yaşama icazələri ilə bağlı ödəniş qaydalarında dəyişikliklər baş verə bilər.