
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan tarixi iddialar, milli kimlik və qonşu ölkələrlə münasibətlər barədə diqqətçəkən açıqlamalar verib.
Simonyan bildirib ki, erməni mahnıları, şeirləri və ədəbi əsərləri milli mədəniyyətin ayrılmaz hissəsi olaraq qalmalıdır, lakin bu irs müasir dövlət siyasətinin təməlinə çevrilməməlidir.
Onun sözlərinə görə, tarix və ədəbiyyatın öyrənilməsində əsas məqsəd keçmiş səhvləri anlamaq və onların təkrarlanmasının qarşısını almaq olmalıdır. O, sülh siyasətini və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını dəstəklədiyini vurğulayıb.
Simonyan mədəni irsdən imtinanı və ya onun qadağan edilməsini də düzgün hesab etmədiyini bildirib. Bununla yanaşı, coğrafi adlar və tarixi iddialarla bağlı yanaşmalarda ikili standartlara yol verilməməsinə çağırıb.
O, bu kontekstdə Sevan gölünün Azərbaycan dilində Göyçə, Yerevanın isə İrəvan adlandırılmasına ermənilərin sərt reaksiyasını misal gətirib.
“Niyə ermənilər kimsə Sevan gölünü Azərbaycan adı olan Göyçə adlandıranda və ya Yerevana İrəvan deyəndə buna kəskin və ağrılı reaksiya verirlər, ancaq özləri gürcülərin əlifbalarını Mesrop Maştotsun yaratdığını iddia edə bilirlər?!”, – deyə Simonyan sual edib.
O, bəzi ermənilərin Gürcüstana səfər edərkən gürcülərə əlifbalarının Mesrop Maştots tərəfindən yaradıldığını söyləməsini də tənqid edib və bu yanaşmanın ziddiyyətli olduğunu bildirib.
Simonyan, həmçinin indiki Ermənistanın müvəqqəti dövlət mərhələsi olduğu və tarixi vətənin gələcəkdə geri qaytarılmalı olduğu barədə fikirlərə qarşı çıxıb. O, bu düşüncələrin tərəfdarlarından hansı əraziləri Ermənistanın tarixi vətəni hesab etdiklərini və həmin ərazilərin sərhədlərini harada gördüklərini dəqiqləşdirməyi tələb edib.
Təhlükəsizlik Şurasının katibi tarixi vətən axtarışı ilə bağlı bitib-tükənməyən müzakirələri perspektivsiz adlandırıb. Onun fikrincə, bu cür yanaşmalar Ermənistan cəmiyyətini xarici amillərdən asılı vəziyyətdə saxlayır və ölkənin gələcəyinə yönəlmiş siyasətə mane olur.