
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Şahbaz Şərif Pakistan xalqı və hökuməti adından Azərbaycanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin ildönümü münasibətilə təbrik edib.
Pakistanın Baş naziri bildirib ki, Zəfər Günü Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və iradənin təcəssümüdür.
O qeyd edib ki, Azərbaycan hazırda əldə etdiyi Qələbənin nəticələrini bərpa və yenidənqurma, iqtisadi inkişaf və əhalinin rifahının yüksəldilməsinə yönəldir.
Şahbaz Şərif məktubunda Azərbaycan-Pakistan münasibətlərinə də toxunaraq iki ölkə arasındakı əlaqələrin qarşılıqlı inam, ortaq dəyərlər və tarixi qardaşlıq üzərində qurulduğunu vurğulayıb.
Pakistanın Baş naziri ölkəsinin Azərbaycanla münasibətləri daha güclü və çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətində olduğunu bildirib.
Şahbaz Şərif İlham Əliyevin Pakistana gözlənilən səfərindən də bəhs edib. Onun sözlərinə görə, səfər ikitərəfli, regional və qlobal məsələlərin müzakirəsi, həmçinin Azərbaycanla Pakistan arasında strateji və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Pakistanın Baş naziri sonda İlham Əliyevə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıb.