
Azərbaycanda fəaliyyət göstərən “Omid” mağazalar şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şirkətin satış müdiri Tərlan Qasımzadə həbs olunublar.
Onlar işçiyə qarşı zor tətbiq etməklə hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilirlər.
Məlumata görə, Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncə şəhərində yerləşən “Omid Gəncə-3” mağazasının müdirini satışdan əldə olunan vəsaiti mənimsəməkdə ittiham ediblər. Daha sonra onlar mağaza müdirini döyərək və müxtəlif vasitələrlə hədələyərək şirkətə dəydiyi iddia olunan ziyana görə ondan 88 min manat tələb ediblər.
Zərərçəkmiş şəxsin polisə müraciətindən sonra şirkət rəhbəri və satış müdiri saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb. Dünən axşam məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Omid” təmir, tikinti və məişət əşyalarının topdan və pərakəndə satışı ilə məşğul olan Azərbaycanın iri mağazalar şəbəkələrindən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və ölkənin müxtəlif rayonlarında 100-ə yaxın filialı fəaliyyət göstərir.