
2027-ci il yanvarın 1-dən heyvandarlıq və kənd təsərrüfatı məhsullarının istehsalına dair uçot qaydalarında yeni tələblər tətbiq ediləcək.
Yeni qaydalara əsasən, il ərzində kəsim məqsədilə satılan və ya təsərrüfatda kəsilən heyvan və quşların sayı, eləcə də kəsim nəticəsində əldə olunan ümumi çəki hesablanacaq.
Bu göstəricilər heyvanların növləri üzrə ayrıca təsnifləşdiriləcək. Belə ki, inək və camışlar, qoyun və keçilər, donuzlar, həmçinin quşlar üzrə məlumatlar ayrı-ayrılıqda qeydə alınacaq.
Bundan başqa, il ərzində qoyunlardan qırxılan yunun və təsərrüfatlarda istehsal olunan baramanın ümumi miqdarı kiloqramla hesablanaraq uçota daxil ediləcək.
Məlumatların uçotu faktiki istehsal göstəriciləri əsasında aparılacaq. Eyni zamanda, mövcud uçot sistemləri arasında uyğunluq təmin edilməli, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.
Qaydalara əsasən, göstəriciləri dəqiq müəyyənləşdirmək mümkün olmadıqda, əsassız rəqəmlərin uçot sənədlərinə daxil edilməsinə yol verilmir.
Yeni uçot tələbləri 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.