
Ermənistan gələcək regional nəqliyyat bağlantıları çərçivəsində Azərbaycan ərazisindən, o cümlədən Naxçıvandan istifadə etməklə İrana dəmir yolu çıxışı əldə edə bilər.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə TRIPP layihəsi ilə bağlı sualları cavablandırarkən bildirib.
Mirzoyanın sözlərinə görə, layihənin məntiqi qarşılıqlı tranzit imkanlarının yaradılmasını nəzərdə tutur. Azərbaycan Ermənistan ərazisindən istifadə etməklə Naxçıvana və əks istiqamətdə hərəkət imkanı əldə edəcək. Ermənistan isə Azərbaycan ərazisi və mövcud infrastruktur vasitəsilə həm region daxilində, həm də üçüncü ölkələrlə yeni nəqliyyat bağlantıları qura biləcək.
Ermənistan XİN rəhbəri bildirib ki, bu imkanlar reallaşarsa, Ermənistan yükləri Naxçıvan üzərindən İrana, Azərbaycan üzərindən isə Mərkəzi Asiya, Çin və digər istiqamətlərə daşıya bilər.
Mirzoyan daha əvvəl də TRIPP layihəsinin Ermənistanı Naxçıvan vasitəsilə İranın dəmir yolu şəbəkəsinə bağlaya biləcəyini və bunun İran üçün də yeni regional nəqliyyat imkanları yaradacağını bildirmişdi.
Nazir sərhəd prosedurlarının necə həyata keçiriləcəyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, nəzərdə tutulan “front office” və “back office” mexanizminin məqsədi sərnişin və yüklərin keçidini sadələşdirmək və sürətləndirməkdir. Bununla belə, yekun qərarların Ermənistanın müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən veriləcəyini vurğulayıb.
Mirzoyan TRIPP-in yalnız Mehri ərazisindən keçəcək dəmir yolu ilə məhdudlaşmadığını da bildirib. Onun sözlərinə görə, gələcəkdə layihəyə neft və qaz kəmərlərinin də daxil edilməsi mümkündür, lakin bu infrastrukturların konkret marşrutları hələ müəyyən edilməyib.
Nazir dəmir yolu xəttində dayanacaqların yaradılması məsələsinin indiyədək ayrıca müzakirə olunmadığını söyləyib. Bununla belə, Ermənistanın həmin xəttdən həm yük, həm də sərnişin daşımaları üçün istifadə etməsi nəzərə alınarsa, dayanacaqların olmasını zəruri hesab etdiyini bildirib.
Ermənistan rəsmiləri son aylarda TRIPP layihəsinin ölkənin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcəyini, eyni zamanda layihənin region ölkələri üçün yeni iqtisadi və logistika imkanları yarada biləcəyini vurğulayırlar. İran tərəfi ilə aparılan son danışıqlarda da TRIPP və regional nəqliyyat infrastrukturu əsas mövzulardan biri olub.