Niderlandda yerləşən mətbuat azadlığı təşkilatı Free Press Unlimited (FPU) Qəzzadan reportajlar hazırlayan fələstinli jurnalistlər Hossam Şabat və Ənəs əl-Şərifin öldürülməsindən əvvəl və sonra onlara qarşı aparılan onlayn kampaniyanı araşdırıb.
FPU-nun noyabrın 17-də dərc etdiyi “From tagging to targeting” (“Etiketləmədən hədəfə”) adlı hesabatda bildirilir ki, hər iki jurnalist İsrail ordusu tərəfindən HƏMAS-la əlaqədə ittiham edilsə də, bu iddiaları təsdiqləyən etibarlı və müstəqil şəkildə yoxlanıla bilən sübut təqdim olunmayıb.
Hossam Şabat 2025-ci ilin martında, Ənəs əl-Şərif isə həmin ilin avqustunda İsrailin hücumları nəticəsində öldürülüb. Onların hər ikisi Qəzzadan, xüsusilə də beynəlxalq jurnalistlərin bölgəyə girişinin məhdud olduğu dövrdə geniş reportajlar hazırlayan tanınmış media əməkdaşları idi.
FPU araşdırma çərçivəsində iki jurnalist haqqında yayılan 269 sosial media paylaşımını təhlil edib və bu kampaniyada İsrail dövlət qurumları ilə yanaşı, hökumətdən kənar şəxslər və təşkilatların da iştirak etdiyini bildirib. Ümumilikdə 32 şəxs və qurumdan ibarət şəbəkənin müəyyən edildiyi qeyd olunur. Hesabata görə, bəzi müstəqil görünən aktorlar İsrail ordusu ilə məlumat mübadiləsi aparıb, bəziləri isə İsrail nazirlikləri ilə ödənişli əməkdaşlıq edib.
Araşdırmada diqqət çəkən məqamlardan biri də ittihamların İsrailə qarşı beynəlxalq tənqidlərin artdığı dövrlərdə daha intensiv yayılmasıdır. FPU xüsusilə 2025-ci ilin yayında Qəzzada aclıq və humanitar böhranla bağlı tənqidlərin gücləndiyi vaxt jurnalistlərin legitimliyini şübhə altına alan paylaşımların artdığını bildirir.
Təşkilat həmçinin Böyük Britaniya, Niderland, Fransa, Almaniya, ABŞ, Kanada və Avstraliyadan 14 böyük media qurumunun Hossam Şabat və Ənəs əl-Şərif haqqında materiallarını təhlil edib. Araşdırılan media arasında BBC, The New York Times, Fox News, Bild, Tagesschau, Le Figaro, CBC News və digər nəşrlər yer alıb.
FPU-nun nəticələrinə görə, təhlil edilən materialların 80 faizindən çoxunda beynəlxalq jurnalist etikası prinsiplərindən ən azı birinin pozulması qeydə alınıb. Materialların 72 faizində jurnalistlər haqqında irəli sürülən ağır ittihamların müstəqil şəkildə yoxlanılması üçün cəhd göstərilməyib. Təxminən dörddə birində isə jurnalistlərin özlərinə və ya işlədikləri media qurumlarına adekvat cavab haqqı verilməyib.
Hesabatda qeyd olunur ki, İsrail ordusunun irəli sürdüyü məlumatlar jurnalistlərin öldürüldükləri anda döyüş əməliyyatlarında birbaşa iştirak etdiklərini sübut etmək üçün yetərli olmayıb. Amsterdam Universitetinin hərbi hüquq professoru Marten Zvanenburq da FPU üçün apardığı hüquqi qiymətləndirmədə açıqlanan materialların bu nəticəyə gəlmək üçün qəti sübut yaratmadığını bildirib.
İsrail tərəfi isə Hossam Şabat və Ənəs əl-Şərifi HƏMAS-la əlaqədə olmaqda və təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edib. FPU bu ittihamları araşdırdığını, lakin açıq mənbələrdə onların hərbi əməliyyatlarda birbaşa iştirakını təsdiqləyən etibarlı sübut tapmadığını bildirir.
Təşkilat hesabatın yekununda beynəlxalq media qurumlarını münaqişə zonalarında jurnalistlər haqqında irəli sürülən terrorçuluq və silahlı qruplarla əlaqə iddialarını müstəqil şəkildə yoxlamağa, ittiham olunan tərəfə cavab hüququ verməyə və xəbərləri daha geniş kontekstdə təqdim etməyə çağırıb. FPU həmçinin jurnalistlərin hədəfə alınması hallarının beynəlxalq səviyyədə araşdırılmasını tələb edir.