
Qara dəniz akvatoriyasında dron hücumuna məruz qalan “CHELSEA-3” yük gəmisində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin məlumatına görə, hadisə gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən təxminən 18 dəniz mili şərqdə baş verib.
Ümumilikdə 15 nəfərdən ibarət gəmi heyətində 8 Azərbaycan vətəndaşı olub.
Onlardan biri – 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli Varna şəhərindəki hərbi hospitala yerləşdirilib. Onun səhhəti həkim nəzarətindədir.
Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib və onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
XİN hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiyalı şəkildə işlədiyini açıqlayıb.
Nazirlik yaralanan vətəndaşa tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də bütün Azərbaycan vətəndaşlarının ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində tədbirlərin görüldüyünü bildirib.
XİN, həmçinin Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etməmək, xüsusilə Qara dəniz və Azov dənizində riskli marşrutlar üzrə hərəkət edən gəmilərdə işləməkdən çəkinmək çağırışı edib.
Hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.