
Bakının Sabunçu rayonunda evdən 8 min dollar dəyərində qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən qızıl-zinət əşyalarının naməlum şəraitdə talandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən M. Vəlizadə müəyyən edilərək saxlanılıb.
DİN-in məlumatına görə, həmin ərazilərdə daha bir neçə oğurluq faktı da qeydə alınıb. Belə ki, Sabunçu rayonunda bir nəfərə məxsus qarajdan 1500 manat dəyərində naqil, həmçinin Nizami rayonunda yarımtikili obyektlərdən birindən 2915 manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R. Məmmədov və E. Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.