
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Açılış zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentə sənaye zonalarının, o cümlədən Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.
2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkının əsas məqsədlərindən biri ölkədə əczaçılıq sənayesinin inkişaf etdirilməsi, dərman vasitələrinin idxalından asılılığın azaldılması və yerli istehsalın genişləndirilməsidir. Hazırda parkda 6 rezident fəaliyyət göstərir.
Yeni müəssisənin ümumi investisiya dəyəri 113,9 milyon manatdır. Şirkətin təsisçiləri Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti – 66 faiz, Azərbaycan Biznesinin İnkişafı Fondu – 29 faiz və Türkiyənin “SİA Pharmaceuticals” şirkəti – 5 faiz paya malikdir.
Layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manatlıq investisiyasından və 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub. Müəssisə sənaye parkının rezidenti kimi 7 milyon manatdan çox ƏDV və gömrük rüsumundan azad edilib.
5,2 hektar ərazidə yerləşən zavodun illik istehsal gücü 60 milyon qutu dərman preparatı, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir.
Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya və qastroenterologiya sahələrində istifadə olunan dərmanlar, həmçinin ağrıkəsicilər, antibiotiklər və digər preparatlar istehsal ediləcək.
Müəssisənin qarşıdakı beş il ərzində 500-dən çox preparatın istehsalını lokallaşdırması planlaşdırılır. Məqsəd daxili bazarın tələbatının mümkün qədər yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının genişləndirilməsidir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyə şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.
İstehsal ediləcək dərmanların Azərbaycan bazarı ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı da nəzərdə tutulur.
Yeni müəssisədə 178 nəfərin daimi işlə təmin olunacağı bildirilir.
Zavodda, həmçinin Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.