
Türkiyədə siqaret almaq istəyənlər üçün yeni tələb tətbiq oluna bilər. Belə ki, tütün məhsullarının satışında alıcıların şəxsiyyət vəsiqəsi ilə yaşının yoxlanılması nəzərdə tutulur.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, yeni sistem çərçivəsində siqaret almaq istəyən şəxslər yaşlarını təsdiqləməli olacaqlar.
Nazirin sözlərinə görə, yeni tənzimləmələrin əsas məqsədi tütün istifadəsini, xüsusilə gənclər arasında siqaret çəkmə hallarını azaltmaqdır. Eyni zamanda, siqaretin mağazalardakı rolunun məhdudlaşdırılması da planlaşdırılır.
Qeyd edək ki, Türkiyədə 18 yaşdan aşağı şəxslərə siqaret satışı artıq qadağandır.
Memişoğlu əlavə edib ki, yeni qaydalar çərçivəsində siqaret çəkilən və çəkilməyən ərazilərin sərhədləri dəqiqləşdiriləcək. Xüsusilə kafe və restoranlarda siqaret çəkməyən şəxslərin hüquqlarının qorunmasına diqqət yetiriləcək.
Nazir yeni tənzimləmələrin bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsinin planlaşdırıldığını bildirib.