
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birlikdə saxlanılan Məmməd Məmmədzadə külli miqdarda dələduzluqda ittiham olunurlar.
Məlumata görə, istintaq materiallarında onların zərərçəkmiş şəxslərə vurduğu ümumi ziyanın 600 min manatdan çox olduğu göstərilir.
36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıblar.
İlkin məlumatda onların qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilindikləri açıqlanmışdı.
Rüfət Qasımzadə barəsində bu ilin fevralından etibarən sosial şəbəkələrdə də dələduzluq iddiaları yayılmış və polis tərəfindən araşdırma aparıldığı bildirilmişdi.
Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci – külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.
Rüfət Qasımzadə və Məmməd Məmmədzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
İstintaq davam edir.