
Lənkəranda ailə münaqişəsi zamanı ərini bıçaqlayan qadın məhkəmə qarşısına çıxarılıb.
Hadisə 34 yaşlı Aytən Seyfullayeva ilə həyat yoldaşı Şadil Seyfullayev arasında yaranan mübahisə zamanı baş verib. Mübahisənin yeni doğulan körpə ilə bağlı sözlərdən sonra daha da gərginləşdiyi bildirilir.
Məlumata görə, qadın həyat yoldaşından körpə üçün alış-veriş etmək məqsədilə pul istəyib. Kişi pulunun olmadığını desə də, evə qayıtdıqdan sonra tərəflər arasında mübahisə yaranıb. Söhbət mətbəxdə davam edərkən körpənin ağlaması və atanın uşağı təhqir etməsi qadının qəzəbinə səbəb olub. Bundan sonra Aytən masanın üzərindəki bıçaqla ərinin ayaq nahiyəsinə xəsarət yetirib.
Zərərçəkənin şikayəti əsasında qadın polis tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
Məhkəmədə ifadə verən Aytən Seyfullayeva əvvəlki evliliyindən dörd, hazırkı evliliyindən isə bir övladının olduğunu bildirib. O, törətdiyi əmələ görə peşman olduğunu və həyat yoldaşı ilə barışdığını deyib.
Zərərçəkən də həyat yoldaşına qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Aytən Seyfullayevaya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.