
Türkiyənin tanınmış keçmiş futbol hakimi və idman şərhçisi Ahmet Çakar Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib.
Onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəyə girişinə qadağa qoyduğu 31 Türkiyə vətəndaşının siyahısına daxil edilib.
XİN-in açıqlamasına görə, siyahıya salınan şəxslərlə bağlı qərar onların sosial şəbəkələr və müxtəlif internet platformalarında Azərbaycanla bağlı yaydıqları açıqlamalar nəzərə alınaraq qəbul edilib.
Ahmet Çakar 1992–1998-ci illərdə FIFA hakimi kimi fəaliyyət göstərib. Hakimlik karyerasını başa vurduqdan sonra Türkiyə mediasında futbol şərhçisi və televiziya eksperti kimi tanınıb.
O, xüsusilə Türkiyə futbolu ilə bağlı sərt və mübahisəli açıqlamaları ilə tanınır.
Ahmet Çakarın konkret olaraq hansı açıqlamasına görə “arzuolunmaz şəxs” siyahısına daxil edildiyi ayrıca açıqlanmayıb.