
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Görüş zamanı dövlət başçısı Ramzan Kadırovu Azərbaycanda yenidən görməkdən məmnunluğunu ifadə edib və səfərin qısa olmasına baxmayaraq, məhsuldar keçəcəyinə əminliyini bildirib.
İlham Əliyev Azərbaycan və Çeçenistan xalqları arasında qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu vurğulayıb. O, bu gün də tərəflər arasında həmrəylik, dostluq və əməkdaşlıq münasibətlərinin nümayiş etdirildiyini qeyd edib.
Prezident Ramzan Kadırovu Çeçenistan Respublikasının fəal və sürətli inkişafı istiqamətində əldə etdiyi uğurlara görə təbrik edib, ona respublikanın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması naminə yeni nailiyyətlər arzulayıb.
Dövlət başçısı, həmçinin Ramzan Kadırovu Azərbaycanda görməkdən hər zaman məmnun olduqlarını bildirib.