
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin qanunsuz satışına qarşı keçirilən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, son iki gün ərzində paytaxt və respublikanın müxtəlif bölgələrində aparılan əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxslərdən müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
DİN bildirib ki, pirotexniki vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması, həmçinin vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.