
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı 43 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
Nazirlikdən verilən məlumata görə, qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib. Astara və Qaradağ rayonlarında keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər qəsdən adam öldürmə və oğurluq cinayətlərinə görə məhkum olunmuş Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar.
Onlardan 43 kiloqram 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan əldə edib qazanc məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.