
“TikTok” sosial şəbəkəsində yayımlanan paylaşımlarla bağlı “Zımbırtı.az” səhifəsinin admini saxlanılıb.
Məlumata görə, Şirvan sakini, 1998-ci il təvəllüdlü F.Qədirov (şərti ad) müxtəlif şəxslərin ünvanına söyüş və təhqir xarakterli ifadələrin yer aldığı videoların paylaşılması ilə əlaqədar polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib. Həmin maddə internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur.
Məhkəmədə ifadə verən F.Qədirov Vətən müharibəsi qazisi olduğunu bildirib. O, sözügedən paylaşımı ironiya məqsədilə etdiyini, videoda səslənən ifadələrin isə özünə deyil, başqa şəxsə aid olduğunu deyib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə F.Qədirov barəsində 8 sutka müddətinə inzibati həbs cəzası seçilib.