
Livanın cənubunda "Hizbullah" qruplaşmasının təxminən 100 döyüşçüsü, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinə mənsub hərbi məsləhətçilər yeraltı tunellərdə tam mühasirəyə düşüb.
"The New York Times" qəzetinin SEPAH-dakı mənbələrə istinadən yaydığı məlumata görə, qrup iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki yeraltı istehkamlarda çıxılmaz vəziyyətdə qalıb.
Dronlarla yardım cəhdləri boşa çıxır
Mənbə bildirir ki, "Hizbullah" bir neçə gün ərzində mühasirədəkilərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə su və qida çatdırmağa cəhd göstərib. Lakin yardımı götürmək üçün yeraltı sığınacaqdan bayıra addım atan hər bir şəxs dərhal İsrail Ordusu (IDF) tərəfindən hədəfə alınaraq məhv edilir.
Hazırda Tehran və "Hizbullah" rəhbərliyi üçün əsas məqsəd ərazidəki silah-sursatı çıxarmaq və canlı qüvvəni xilas etmək olsa da, mövcud şərtlər daxilində bu ehtimalın getdikcə tükəndiyi vurğulanır.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı strateji Əli ət-Tahir silsiləsi istiqamətində "Hizbullah"ın yeraltı infrastrukturunun təmizlənməsi əməliyyatını yekunlaşdıraraq tunellərin tam ləğvinə başladığını bəyan etmişdi.