Şimali Kiprin Girne sahilində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan şəxslər arasında Azərbaycan vətəndaşları da var.
Avqustun 30-da “Filo Jet” adlı yüksək sürətli sərnişin gəmisinin batması ilə əlaqədar gəmi kapitanı, ekipaj üzvləri və liman rəsmiləri daxil olmaqla ümumilikdə 14 nəfər saxlanılaraq Girne Qəza Məhkəməsinə çıxarılıb.
Məhkəmə gəmi kapitanı və səkkiz ekipaj üzvünün saxlanılma müddətini daha üç gün uzadıb. Digər beş nəfər isə zaminə buraxılıb.
İstintaqa cəlb edilənlər arasında gəmidə texniki işçi kimi çalışan Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyevin də olduğu bildirilir.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu azərbaycanlıların qəzanın baş verməsində məsuliyyət daşımadığını bildirib. Onun sözlərinə görə, həmin şəxslərin gəmidə qəzanın qarşısını almaqla bağlı qərar vermək səlahiyyətləri olmayıb və barələrində üç günlük həbs tədbirinin seçilməsi onların təqsirli olması demək deyil.
Həsənoğlu, həmçinin azərbaycanlı ekipaj üzvlərinin gəmi batarkən sərnişinlərə yardım etdiklərini iddia edib. Onun sözlərinə görə, onlar gəmini ilk tərk edənlər arasında olmayıb və öz həyatlarını riskə ataraq insanların xilas edilməsinə kömək göstəriblər.
Məhkəmənin əldə olunan sübutları yetərli hesab etmədiyi və növbəti iclasın səkkiz gün sonraya təyin olunduğu bildirilir.
Avqustun 30-da Girne sahilində baş verən gəmi qəzası nəticəsində 8 nəfər həlak olub, 240 nəfər xilas edilib. Məlumata görə, itkin düşmüş 19 nəfərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.