
Dövlət əleyhinə açıq çağırışlar etməkdə ittiham olunan Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm elan edilib.
Məhkəmənin qərarına əsasən, Cahid İsayev irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səfər edərkən saxlanılıb və daha sonra Azərbaycana ekstradisiya olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci – dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi, 281-1.2-ci – Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması və 283.2.1-ci – milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə həmin ittihamlar əsasında Cahid İsayev barəsində 8 il 6 aylıq həbs hökmü çıxarıb.