
Dörd il əvvəl İsveçrədə səyahətdə olarkən Alp dağlarının arasında, sakit və ucqar bir yerdə SOCAR yanacaqdoldurma məntəqəsi gördüyümdə təəccüblənmişdim. Avtoritar idarə olunan, müstəqil medianın sıxışdırıldığı bir ölkənin dövlət şirkəti Avropanın mərkəzində, İsveçrənin ən təmiz və sakit coğrafiyasında olması, Alp dağlarının mənzərəsindən daha qəribə idi.
Bu dəfə gəlişimdə isə fərqli mənzərə gördüm. SOCAR artıq tək-tük obyekt deyil. Daha geniş, sistemli və görünən bir şəbəkə olmuşdu. Magistrallarda, şəhərlərdə, turistik bölgələrdə eyni loqo, eyni brend, eyni normallıq hissi müşahidə edilirdi.
Eyni vaxtda isə başqa xəbərlər artırdı, azərbaycanlı jurnalistlərə və siyasi mühacirlərə qarşı təzyiqlər, deportasiya riskləri, təhlükə sübutlarının “yetərli sayılmaması”.
Bu paralellik sual doğurur:
Bu iki proses bir-birindən həqiqətən müstəqildirmi? Yoxsa aralarında hər hansısa bir bağ var ?
SOCAR-ın İsveçrə bazarına girişi də “sakit” olmayıb: SOCAR Energy Switzerland-in rəsmi məlumatına görə, 1 iyul 2012-ci ildə SOCAR ExxonMobil-dən Esso Switzerland GmbH-nin bütün paylarını alaraq Esso brendli məntəqə şəbəkəsini də götürdü və həmin ildən etibarən Esso-dan SOCAR-a keçid başladı. SOCAR İsveçrədə yalnız yanacaq satmır imic də satın alır. Şirkətin öz “milestones” səhifəsində qeyd olunur ki, SOCAR Montreux Jazz Festivalının əsas sponsorlarından biri olub (2021-ə qədər), həmçinin UEFA Avropa çempionatı sponsorluğu kimi böyük imic layihələrində yer alıb.
Eyni zamanda Crans Montanada Azərbaycan 2025/2026 mövsümündən etibarən FIS ( Beynəlxalq Xizək Federasiyası) yarışlarının “premium partner”i oldu. Rəsmi bəyanatlarda pula dair konkret rəqəmlər yoxdur yalnız tərəfdaşlığın ümumi strukturu və müqavilənin müddəti (2025/26 mövsümündən 2029/30 mövsümünə qədər) göstərilir, bu çox güman ki, milyonlarla avro səviyyəsində bir investisiyadır illik (bənzər beynəlxalq sponsorluqlar bu səviyyədə olur),
Bu gün İsveçrədə SOCAR-ın 200-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu, sadə bazar payı deyil, ölkə miqyasında möhkəm kommersiya mövcudluğudur.
Bu məntəqələrin əhəmiyyətli hissəsi İsveçrənin ən böyük pərakəndə şəbəkələrindən biri olan Migros-un törəmə qurumu Migrolino ilə françayz müqavilələri əsasında işləyir. Nəticə etibarilə SOCAR, “xarici dövlət şirkəti” kimi deyil, yerli, etibarlı və gündəlik həyatın parçası kimi qəbul olunur. Migros sözçüsü bildirir ki, Migros və Migrolino “Azərbaycanla əlaqəsi yoxdur”, amma Migrolino SOCAR Energy Switzerland ilə İsveçrə hüququ altında uzunmüddətli müqavilələrlə bağlıdır. Bu, klassik iqtisadi genişlənmə deyil. Bu, siyasi mənşəyi görünməz edən kommersiya inteqrasiyasıdır.
SOCAR-ın İsveçrədəki fəaliyyəti yalnız yanacaqdoldurma məntəqələri ilə bitmir. Şirkətin Cenevrədə yerləşən ticarət strukturları, enerji alqı-satqısı və Avropa bazarlarına çıxışı milyardlarla dollar dövriyyə yaradır.
Bu iqtisadi reallıq İsveçrə üçün konkret nəticə doğurur, SOCAR artıq “kənar oyunçu” deyil, strateji enerji tərəfdaşıdır, və belə tərəfdaşlarla bağlı tənqidlər adətən “həssas mövzu”ya çevrilir.
Məhz bu nöqtədə demokratiya ilə iqtisadi komfort arasında səssiz prioritet dəyişikliyi başlayır.
Azərbaycan dövləti Avropada, o cümlədən İsveçrədə imicinə ciddi vəsait xərcləyir. Beynəlxalq idman tədbirləri, premium sponsorluqlar, böyük loqolar bunların hamısı avtoritar reallığı parlaq vitrin arxasında gizlətmək üçündür və əslində hər şey gün kimi aydındır görmək istəyən üçün.
Bu, reputasiya satınalma mexanizmidir.
Bu iqtisadi fonun arxasında başqa reallıq dayanır,
Azərbaycanda söz azadlığı, müstəqil jurnalistika faktiki olaraq məhv edilib. Onlarla jurnalist həbsdədir, redaksiyalar dağıdılıb. Bu vəziyyət beynəlxalq media azadlığı reytinqlərində ölkənin ən aşağı pillələrdə yer alması ilə də təsdiqlənir.
İsveçrə adətən dünyaya demokratiya, hüququn aliliyi və insan hüquqları dərsi verən ölkə kimi tanınır. Amma bu reputasiya daşdan yonulmuş bir abidə deyil, onu hər gün siyasi qərarlar, institutların davranışı və dövlətin “kimin yanında durması” müəyyən edir.
Bu, İsveçrənin öz dəyərləri ilə üzləşməsi üçün yazılıb. Sual sadədir:
Avtoritar dövlətin milyardlıq enerji maraqları fonunda insan hüquqları ikinci plana keçə bilərmi?
Demokratiya yalnız daxildə rahat işləyən sistemdirmi,
yoxsa xarici siyasətdə də prinsipdir?
Bu suallar cavabsız qalanda problem təkcə Azərbaycanla bağlı olmur.
Problem İsveçrənin demokratiya anlayışının harada dayandığıdır.
Alp dağlarının arasında gördüyüm SOCAR loqosu sadəcə bir yanacaqdoldurma məntəqəsi deyil. O, İsveçrənin enerji maraqları ilə demokratik prinsipləri arasında qurulan tarazlığın simvoludur.
Əgər bu tarazlıq daim pulların xeyrinə pozulursa, demokratiya səs-küylə yox, səssizcə aşınır.
Kamran Nəsirli