
Ermənistan hökuməti Azərbaycanla sülhün bərqərar olunmasını əsas prioritetlərindən biri hesab edir və Baş nazir Nikol Paşinyanın bu istiqamətdə xalqdan mandat aldığı bildirilir.
Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan “The Wall Street Journal”a açıqlamasında ABŞ-nin iqtisadi və texnoloji təkliflərinin Ermənistan-Azərbaycan sülh prosesində oynadığı rol barədə yayılan məlumatları şərh edib.
Arutyunyan bildirib ki, Azərbaycanla sülhün təmin edilməsi Ermənistan hökumətinin ən mühüm vədlərindən biridir.
“Baş nazir Nikol Paşinyanın xalqdan bunu həyata keçirmək üçün mandatı var”, – Ermənistan hökumətinin sözçüsü qeyd edib.
O, həmçinin ötən ilin avqustunda Vaşinqtonda imzalanan ikitərəfli sənədlərin Ermənistan üçün sülh nəticəsində yaranan mühüm imkanlardan biri olduğunu vurğulayıb. Arutyunyanın sözlərinə görə, bu sənədlər arasında yarımkeçiricilər və süni intellekt sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da yer alır.
Qeyd edək ki, “The Wall Street Journal” daha əvvəl ABŞ-nin Azərbaycanla sülh sazişinin imzalanması müqabilində Ermənistana “Nvidia” çiplərinin tədarükünə icazə veriləcəyini vəd etdiyini yazmışdı.