
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən hərbi aerodromuna uğurlu hava hücumu həyata keçirib. Əməliyyat nəticəsində Rusiyaya məxsus bir "An-12", iki "An-26" təyyarəsi və üç helikopter sıradan çıxarılıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" hesabında məlumat paylaşıb. O, müharibənin reallığını hər gün Rusiyaya hiss etdirən Ukrayna hərbçilərinə təşəkkürünü bildirib.
Dövlət başçısı əlavə edib ki, ötən gecə həmçinin Yaroslavl Neft Emalı Zavoduna da zərbə endirilib. Zelenski Qara dəniz istiqamətində də müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırsa da, bu barədə geniş təfərrüat verməyib.
"Biz hər gün təcavüzə lazımi cavabı veririk. Rusiya sülhü seçməlidir", - deyə Ukrayna lideri vurğulayıb.