
Milli Məclis Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi ilə bağlı sazişin təsdiqini müzakirə edəcək.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə bir sıra beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri daxil edilib.
Gündəliyə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi də salınıb.
Bununla yanaşı, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə baxılması nəzərdə tutulur.
İclasda həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlığa dair sazişə dəyişiklik edilməsi ilə bağlı protokolun təsdiqi müzakirə olunacaq.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin də parlamentdə təsdiqlənməsi gözlənilir.
Gündəliyə həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi məsələsi daxil edilib.