
Qax rayonunun sabiq icra başçısı Musa Şəkiliyev və Balakənin keçmiş icra başçısı İslam Rzayev korrupsiya ittihamları ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildikdən sonra onların Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb-çıxarılmayacağı məsələsi gündəmə gəlib.
Hər iki sabiq icra başçısı barədə məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların hər ikisi YAP üzvüdür.
YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə məsələ ilə bağlı bildirib ki, həmin şəxslərin partiyadan uzaqlaşdırılması qaçılmazdır:
“Həmin şəxslər mütləq partiyadan çıxarılacaqlar. Sadəcə bunun həyata keçirilməsi üçün məhkəmənin hökmü olmalıdır.”
YAP Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov da partiyanın bu kimi hallara dair sərt mövqeyinin olduğunu deyib:
“Əgər YAP-ın üzvü olan şəxs hər hansı cinayətdə ittiham edilirsə və məhkəmənin yekun qərarı yoxdursa, onun partiyadan çıxarılması bir qədər yubana bilər. Məhkəmənin hökmü varsa, həmin şəxsə cinayətkar statusu verilir. Bundan sonra partiya adekvat qərar qəbul edir.”
Beləliklə, məhkəmənin qərarı rəsmiləşdikdən sonra Şəkiliyev və Rzayevin YAP-dan çıxarılması gözlənilir.