
Azərbaycandan Ermənistana növbəti yanacaq tədarükü həyata keçirilib. Bu gün 2 475 ton dizel yanacağı daşıyan 42 vaqon Azərbaycan Dəmir Yollarının Güzdək stansiyasından yola salınıb.
Yük qatarı Böyük Kəsik stansiyası istiqamətində hərəkət edir və Gürcüstan ərazisindən tranzit keçərək Ermənistanna çatdırılacaq.
Qeyd edək ki, Azərbaycandan Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin tarixdə qonşu ölkəyə 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərilmişdi.
Daşımaların həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında qəbul etdiyi qərardan sonra mümkün olub. Həmin qərarla işğal dövründən etibarən qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Bundan sonra iki ölkə arasında tranzit və ixrac əməliyyatları mərhələli şəkildə genişlənib. Daha əvvəl də Azərbaycandan Ermənistana dizel yanacağı, benzin, taxıl, gübrə və digər yüklərin göndərilməsi həyata keçirilib.
Mütəxəssislərin fikrincə, bu cür tədarüklər regionda nəqliyyat və logistika əlaqələrinin inkişafına, eləcə də iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.