Azərbaycan Xalq Parlamentinin 22.03.2025 tarixli növbəti iclasında siyasi məhbuslar və həbs olunan jurnalistlər məsələsi müzakiryə çıxarılıb.
Azərbaycan Xalq Parlamentinin sədri Abid Qafarov iclasda "Siyasi həbslər" mövzusunda məruzə ilə çıxış edib. Sizə həmin çıxışın mətnini təqdim edirik:
“Hörmətli Sədr, hörmətli Millət Vəkilləri!
Siyasi həbslər tarixən diktatorlar tərəfindən öz hakimiyyətini qorumaq üçün, ziyalıları susdurmaq və xalq kütlələrini qorxu altında saxlamaq üçün, qanun adı altında, dövlət, dövlətçilik, millətçilik, ali dəyərlərə sədaqət adları altında alternativ və müxalif düşüncəni məhv etmək üçün aparılır. Təəssüf ki, Azərbaycan da bu prosesdən kənar deyil.
Siyasi həbslər və repressiyadan danışarkən insanın ağlına ilk əvvəl 1937-ci ilin repressiyaları gəlir, elə deyilmi? Minlərlə insanı əhatə edən Stalin-Bağırov repressiyası hər bir azərbaycanlının yaddaşında iz buraxıb. Yüzlərlə ziyalının güllələnməsi və ya uzaq Sibirə sürgün olunması Azərbaycan xalqını mənən yetim qoymuş və doldurula bilməyəcək boşluqlara səbəb olmuşdur.
1991-ci ildə müstəqillik qazanılsa da, 1993-cü ildə bu müstəqillik qismən itirildi. Hakimiyyət sovet şinelindən çıxmış Heydər Əliyevin əlinə keçdi. Sovet isarəetmə sistemində bişmiş biri üçün siyasi oyunlar qurmaq və bunun fonunda da repressiyalar həyata keçirmək çox asan bir iş idi. Məsələn, 1995-ci ilin Mart ayında OMON hadisələri. Bu prosesin nəticəsində 100 nəfər civarında insan həlak oldu, 710 nəfər XTPD üzvü həbs edildi. Sonradan onların 373 nəfəri azadlıqdan məhrum edilmiş, 2 nəfəri isə ölüm hökmü almışdır. Bu gün hələ də onlardan 6 nəfəri ömürlük həbsdə qalmaqdadır.
Heydər Əliyev öz hakimiyyəti dövründə Elçibəy hakimiyyəti və müxalifət nümayəndələrinə qarşı apardığı siyasi təqibləri gözəl xatırlayırıq. Həmin dönəmdə insanları öz əqidələrindən döndərmək və ya susdurmaq üçün özlərini və ya ailə üzvlərini işdən azad etdirir, universitetdən qovdurur, əleyhinə yalan məlumatlar yaydırır, cəmiyyətdən təcrid etdirirdi. Bunlar effektiv olmayanda isə qurama cinayət işi ilə həbs etdirirdi. Heydər Əliyev bütün bu siyasi həbsləri öz hakimiyyətini möhkəmlətmək və gələcəkdə onu öz oğluna İlham Əliyevə miras buraxmaq üçün edirdi, yəni İlham Əliyevin şahlıq taxtına gedən yolunu təmizləyirdi. Kimlərsə Heydər Əliyevi bu fərasətinə görə dahi hesab edə bilər, amma onun Azərbaycan xalqına qarşı bu cür düşmən mövqeyinə tarix öz qiymətini verəcək.
İlham Əliyev hakimiyyətə gələr-gəlməz öz hakimiyyətinə siyasi həbslərlə başladı. 2003-cü il 16 Oktyabr hadisələrindən sonra partiya sədrləri başda olmaqla 100 nəfərdən insan həbs edildi. Hakimiyyətin mənimsənilməsinə edilən etirazlar siyasi sifarişli, repressiv həbslərlə susduruldu. AXp sədri Pənah Hüseyn, Ümid sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu və bir çox partiya funksionerləri həbs edildi. Bu bir başlanğıc idi, ölkədə Heydərizmin fundamenti atılırdı və bu gurda hələ irəlidə yüzlərlə siyasi məhbus olacaqdı. İlham Əliyev öz atasının adını daha da möhkəmləndirmək, gələcəkdə hakimiyyəti ailə üzvlərindən birinə dövr etmək üçün hələ nə repressiyalar, nə siyasi oyunlar, nə xəyanətlər və xalqın başına açılacaq işlər planlayırdı.
Bu yerdə çıxışımı iki istiqamətə ayırmağı faydalı hesab edirəm. İstiqamətin biri sırf siyasi müstəvidə həyata keçirilən həbslərin səbəbləri və nəticələri haqqında olacaq, ikinci istiqaməti isə qeyri siyasi müstəvidə xalqın başına açılmış hadisələr olacaq, məsələn, Bənəniyar hadisələri, Nardaran hadisələri, Tərtər hadisələri və s.
Siyasi müstəvidə demək olar ki, hər şey aydındır. Siyasi həbslərin artması, siyasi azadlıqların azaldılaraq yox edilməsi hakimiyyəti atasından miras almış oğulun yürüdə biləcəyi yeganə siyasət idi. Amma İlham Əliyev bunu mərhələlərlə etdi. Məsələn, 2013-cü ildə 3-cü dəfə prezident seçilməsi üçün 2009-cu ildə AR Konstitusiyasını dəyişdirdi. Konstitusiyaya edilən dəyişikliklər müxalif partiyalar tərəfindən tənqid edildi, nəticədə Müsavat və AXCP-yə qarşı repressiyalar başladı, bütün etiraz edən səslər susduruldu. Konstitusiyaya edilən dəyişikliklə artıq İlham Əliyev ömrünün sonuna qədər prezident seçilə bilərdi.
2013-cü il Prezident seçkiləri öncəsi İsmayıllı hadisələri baş verdi. Etirazların başlanması icra hakimiyyətinin başçısının yerli insanlara qarşı kobud rəftarı olsa da, sonradan etirazlarda hakimiyyətə qarşı şüarların səslənməsi, vətəndaşların polislə qarşıdurmaya getməsi hakimiyyətin əlinə yeni siyasi həbslər üçün fürsət verdi. İsmayıllı hadisələrinin nəticəsi olaraq İlqar Məmmədli və Tofiq Yaqublu başda olmaqla 19 nəfər həbs edildi.
2013-cü il seçkiləri ərəfəsi və sonrası siyasi həbslər yenə davam etdi. Qurban Məmmədov, Adnan Hacızadə, Xədicə İsmayıl və vətəndaş cəmiyyətinin digər üzvləri həbs edildi. Artıq özünü 3-cü dönəm prezident seçən İlham Əliyev vətəndaş cəmiyyətinə qarşı xaç yürüşünə başladı və hakimiyyəti ailəsinin əlində cəmləmək üçün hərəkətə keçdi.
2016-cı ildə növbəti dəfə AR Konstitusiyasına dəyişiklik edildi, beləliklə Əliyev hər dönəmdə 5 il yox, artıq 7 il prezidentlik edə biləcəkdi, həm də arvadının vitse-prezidentliyi ilə, axı artıq Konstitusiyaya 103-cü maddə əlavə edilmiş və vitse-prezidentlik yaradılmışdı. Bundan əlavə, İlham Əliyev özünə Parlamenti buraxmaq səlahiyyəti vermişdi. Bu da artıq Konstitusiya səviyyəsində hakimiyyət bölgüsünü sual altına qoyurdu.
44 günlük savaş nəticəsində Qarabağ və ətraf rayonlar erməni işğalından azad edildi. Xalqın qəlbində “bundan sonra hakimiyyət xalqa baxar” ümidi formalaşsa da, Heydərizm xalqın bu arzusunu da gözündə qoydu. 44 günlük savaşdan sonra intihar etmiş qazilərin sayının 100-dən çox olması bu mövzunun hansı bərbadlıqda olmasının göstəricisidir. Qazilərinə baxmayan hakimiyyət sadə vətəndaşamı baxacaq?? Hakimiyyətin planları isə tamamilə başqa idi. İndi İlham Əliyev hakimiyyətini əbədiləşdirmək üçün çalışır.
2022-ci ilin əvvəlindən etibarən mərhələli şəkildə həbslər başladı. VİP sədri Əli Əliyev, ardınca İlham Aslanoğlu, daha sonra Xuralın rəhbəri Əvəz Zeynallı və Bəxtiyar Hacıyev həbs edildi. 2023-cü ildə isə daha dəhşətli həbs dalğası gəldi. Siyasi fəallarla paralel dindarlar da həbs edilməyə başladı, amma bu barədə bir qədər sonra.
2023 və 2024-cü illərdə mediaya qarşı səlib yürüşü başladıldı, bunun nəticəsində “Abzas Media”dan 6 nəfər, “Toplum TV”dən 6 nəfər, “Meydan TV”dən 7 nəfər, “Kanal 13”dən rəhbəri Əziz Oruc və Şamo Eminov həbs edildi. Amma hakimiyyətin bununla da ürəyi soyumadı, 2023 Parlament və 2024 Bələdiyyə seçkilərindəki qanun pozuntularını işıqlandıran Fərid İsmayılov, Nurlan Qəhramanlı və Fatimə Mövlamlı da həbs edildi. Bu üç nəfərin adını niyə qeyd etdim? Hamının nəzərinə çatdırmaq istəyirəm ki, növbəti seçki olanda qanun pozuntularını çəkib göstərəcək jurnalist artıq qalmayıb, hamını həbs ediblər, susdurublar. Beynəlxalq mediaya gəldikdə isə, 2025-ci ildə XİN Azadlıq Radiosu, VoA, Bloomberg və digər xarici media qurumlarının akkreditasiyasını ləğv etdi. Ölkə həm daxili həm də xarici mediadan təmizləndi.
Hakimiyyətin siyasi dözümsüzlüyü o həddə çatdı ki, yeni yaradılmış Milli Müqavimət Hərəkatı və Üçüncü Respublika Platformasına da təsirsiz ötüşmədi. MMH-ndan Rza Səfərsoy, Üçüncü Respublika Platformasından isə Akif Qurbanlı və Ruslan İzzətli həbs edildi.
Hörmətli Millət Vəkilləri, bu gün Azərbaycanda fərqli düşünəcək, danışacaq və ya ayazacaq tək-tük insan azadlıqdadır, qalanlarının hamısı həbs edilib. Hüquq müdafiəçiləri də həbs edildiyindən, artıq siyasi məhbusların hüquqlarını müdafiə etməyə də demək olar ki, kimsə qalmayıb.
Gənc nəslin nümayəndəsi olan Rüfət Səfərov insan haqları sahəsində aktiv işinə görə seçilirdi, hətta onun bu fəaliyyətini ABŞ-da onu mükafatlandırmaqla dəyərləndirdilər. Amma bu gün o da həbsdədir, ona nə qədər iş kəsiləcəyi isə məlum deyil.
İndi isə siyasi məhbuslar arasında üstünlük təşkil edən vicdan məhbusları, dini inanclarına görə həbs edilənlərdən danışmaq istəyirəm. Fevral ayında dərc edilən siyasi məhbus siyahısında 357 vətəndaşımızın adı var və onlardan 235 nəfəri (yəni 65%-i) dindarlardır. Bu sahədə də hakimiyyət mərhələli iş aparıb.
Nardaran işi – 26.11.2015 tarixdə hakimiyyətin Bakının Nardaran kəndində keçirdiyi əməliyyatı yaxşı xatırlayırıq. “Dövlət çevrilişi” adı qoyaraq kəndə basqın etmək, 4 vətəndaşı qətlə yetirmək və onlarla insanı azadlıqdan məhrum etməklə yetmədi, Nardaran kəndi bu günə qədər polis blokadasında yaşayır, kəndə rahat şəkildə gəlmək və getmək olmur.
Gəncə işi – 10.07.2018 tarixdə Gəncədə baş vermiş olayların nəticəsində isə yüzlərlə insan məhkəmə qarşısına çıxarıldı, həbs edildi. Yunis Səfərovun Gəncənin qaniçən icra başçısını cəzalandırmaq cəhdini hakimiyyət “müvəffəqiyyət”lə xalqın gözünün odunu almaq üçün istifadə etdi. Hər mümkün variantda xalqı mənən sındırmağa çalışdılar.
Fazil Qəzənfəroğlu işi – 2023-cü ilin Mart ayının əvvəllərindən, Hacı Şahin Həsənlinin müəmmalı ölümündən sonra dindarlara qarşı növbəti geniş miqyaslı həbslər başladı. İnsanlar arasında artan narazılığı görən hakimiyyət, bu repressiyanı “əsaslandırmaq” üçün “Qəzənfəroğlu” şousunu düzənlədi. 28.03.2023 tarixdə guya Fazil Qəzənfəroğluna qarşı sui-qəsd cəhdi oldu. Məhkəmə ifadələrinə görə guya bu sifariş İran İslam Respublikasının Sepah təşkilatı tərəfindən 30min dollara sifariş edilib. Bu həqiqət olsaydı, XİN İrana rəsmi nota verərdi. Ən azından bir neçə həftə öncə “Yaşma” SEPAH ilə təlimə getməzdi. Fazil Qəzənfəroğluya qarşı sui-qəsd cəhdi ittihamı ilə Azər Sarıcanov ömürlük həbs edildi. Bununla da yetmədilər, bir neçə gün öncə Azər Sarıcanovun oğlu, Əbülfət Sarıcanov da eyni ittihamlarla həbs edildi. Artıq Qəzənfəroğlu işinə görə onlarla dindar şərlənərək həbs olunub.
Hakimiyyət dindarları əsasən narkotik vasitələrlə bağlı maddələrlə şərləyib həbs etsə də, mediada onlar cəmiyyətə “iran agenti” kimi təqdim olunur. Bu da başa düşüləndir, hakimiyyət ehtimal olunan narazılığı bu yolla, xalqı aldadaraq tənzimləmək istəyir.
Hakimiyyətin vətəndaş cəmiyyətini susdurmaqdan əlavə xalqın gözünü qorxutmaq üçün mütəmadi olaraq geniş miqyaslı digər cinayətlərə də əl atır. Bunlardan bir neçəsini diqqətinizə çatdırım.
Bənəniyar hadisələri – 07.0.2010 tarixdə polis qüvvələri Naxçıvanın Bənəniyar kəndinə yeridildi və nəticədə yerli əhaliyə divan tutuldu. İşgəncələr və zorakılıqla tarixin qara səhifəsinə düşmüş bu hadisələr xüsusi olaraq dindar insanlara qarşı atılan amansız addımlardan biri idi və beynəlxalq təşkilatlar tərəfindən bu hadisə elə bu cür də qiymətləndirilib.
Quba hadisələri – 01.03.2012 tarixdə Quba şəhərində əhalinin haqlı narazılıqları polis gücü ilə susduruldu. Çoxlu sayda insan bu hadisədə fiziki və psixoloji zdələr aldı. 5 nəfər həbs edildi.
Eurovision işi – 2012-ci ildə Eurovision musiqi yarışması Bakı şəhərində yer aldı. Bu ərəfədə onlarla vətəndaş və vətəndaş cəmiyyətinin üzvləri şərlənərək həbs edildi. Hazırda hələ də Eurovision məhbuslarından həbsdə olanlar var.
Tərtər işi – Bu isə əməlli başlı ümum-milli bir faciədir. Minlərlə hərbçini əhatə edən bu cinayətin nəticəsində 14 hərbçi işgəncələr altında qətlə yetirilib, yüzlərlə hərbçi amansız işgəncələrə məruz qalıb. Hərbçilərdən əlavə mülki şəxslərə də bu prosesdə işgəncələr verilib, şərlənərək həbs olunub. Onlarla hərbçi və mülki şəxs bu prosesin nəticəsi olaraq şərlənərək həbs edilib. 2021-ci ildə Azerfreedom TV-nin başlatdığı araşdırmaya sonradan Kim TV, Xural TV, Hürriyyət TV, Bumerang TV, Kanal 13 və digər kanallar qoşuldu və nəticədə bu dəhşətli hadisə yenidən gündəmə gəldi. 2021-ci ilin Dekabrında bu iş üzrə təkrar istintaq başlandı və nəticədə 19 nəfər bəraət aldı, 17 nəfər azadlığa çıxdı. Buna baxmayaraq, hələ də Tərtər işi üzrə həbsdə yatanlar var.
Söyüdlü hadisələri – 20.06.2023 tarixdə Gədəbəyin Söyüdlü kəndinin əhalisi qızıl mədənindən çıxan sianidin gölə axıdılmasına etiraz etdilər. Burada da etirazlar polis gücünə yatırıldı, insanlara divan tutuldu. Hazırda Söyüdlü işinə görə 3 nəfər həbsdədir.
Bu ilin ən son hadisəsi isə İmişlidə baş verdi. 18.01.2025 tarixdə İmişlidə yol polisinin iştirakı ilə baş vermiş yol qəza hadisəsində iki azyaşlı məktəbli həlak oldu. Sakinlər tərəfindən bu hadisə etirazlarla qarşılandı. Nəticədə 13 nəfər İmişli sakini həbs edildi və onlar hələ də dəmir barmaqlıqlar arxasındadır.
Zaman-zaman xalqa qarşı törədilən bu hadisələr xalqın mübarizə əzmini sındırmağa yönəlib. Xronologiyanı diqqətlə izləsək, görərik ki, soz 3 il ərzində siyasi həbslər öz pik həddini yaşamaqdadır. Bu da bizə deməyə imkan verir ki, İlham əliyev hakimiyyəti oğlu Heydər Əliyevə ötürmək üçün bütün mümkün rəqibləri meydandan təmizləyir, xüsusilə də gənc siyasətçiləri. Azər Qasımlı, Rüfət Səfərov və Bəxtiyar Hacıyev gələcəkdə Heydər Əliyevə problem yarada biləcək real fiqurlardır. Amma məsələ təkcə bununla da bitmir. Seçki saxtakarlığını çəkib ictimailəşdirəcək jurnalist və media qurumları qalmayıb. Müxalifət partiyaların əksəriyyəti isə “Ümummilli dialoq” adı altında baş qatmaqla məşğuldur. Xalqın gözü isə siyasi həbslərlə qorxudulur. Bu yerdə bir neçə paralellər aparmaq istəyirəm. Əvəz Zeynallı 2011-ci ildə 3.5 il müddətə həbs yatsa da, bu dəfə ona 9 il iş kəsdilər, Bəxtiyar Hacıyev 2011-ci ildə 5 illik həbs olunsa da, bu dəfə ona 10 il iş kəsdilər, Tofiq Yaqublu 2013-də 5 il, 2020-də 3.5 il müddətə həbs edilsə də, bu dəfə ona 9 il iş kəsdilər. Bəli, görünən budur ki, İlham əliyev növbəti prezident seçkilərinə qədər, 2031-ci ilə qədər tam sakitlik istəyir, müqaviməti sıfıra endirmək istəyir.
Ölkədən xaricdə fəaliyyət göstərən siyasətçi və blogerlər də təhlükəsizlikdə deyil. Əliyev hakimiyyətinin sifarişi ilə Gürcüstanda həbs edilmiş Əfqan Sadıqlı, Rusiyada həbs edilmiş Hacı Zülfüqar Mikayılzadə hakimiyyətin ölkə xaricindəki repressiya əməliyyatına nümunədir. Bir neçə gün öncə aralarında AzXP millət vəkili Qurban Məmmədov olmaqla 14 mühacirin Baş Prokurorluğa çağırılması qərarı bu repressiyaların davam edəcəyinə bir işarədir. Aprel 2024-də Zahid Oruc parlament kürsüsündən mühacirlərin legitim hədəflər kimi məhv edilmə zərurətini dilə gətirəndən, artıq mühacirətdə də heç kim təhlükəsizlikdə deyil. 01.10.2024 tarixdə Fransada yaşayan Vidadi İsgəndərlinin qətli, digər fəalların təhdidlər alması bu repressiyanın daha ciddi formada davam edəcəyinə işarədir.
Onu da diqqətinizə çatdırım ki, hazırda Azərbaycan Xalq Parlamentinə mandat qazanmış 3 millət vəkili siyasi məhbus həyatı yaşayır, onlar Əvəz Zeynallı, Rza Səfərsoy və Elvin İsayevdir.
Məruzənin əvvəlində 1937-ci ildə yaşanmış repressiyaya toxundum. Sadə bir paralel aparmaq istəyirəm. 1937-ci ildə Stalin rejimi Hüseyn Cavidə 8 il iş kəsdi, amma bu gün Heydəriz rejimi Azərbaycan xalqının ziyalısı Əvəz Zeynallıya 9, Tofiq Yaqubluya 9, Bəxtiyar Hacıyevə 10 il iş kəsilir. Həmin dövrdə də dindarlara qarşı amansız repressiyalar həyata keçirilirdi, indi də, amma indi daha vəhşi üsullarla həyata keçirilir. Bu da bizim hələ də sovet şinelindən çıxmış insanlar tərəfindən idarə olunmağımıza bir arqumentdir.
Diqqətinizə görə təşəkkür edirəm!”
Parlamentin iclası “Müqavimət TV”, ABA Media” və “AzerFreedom” yutub kanalları vasitəsilə canlı yayımlanır.
https://m.youtube.com/watch?v=klr6VQREbUE
https://m.youtube.com/watch?v=sP96OJOiCNE
https://m.youtube.com/watch?v=8Exgs3DZEf0