
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri fonunda maraqlı məqam ortaya çıxıb.
Ermənistan mətbuatının yaydığı məlumata görə, nümayəndə heyətinə rəhbərlik edən Mustafayev doğulduğu yer – Tavuş vilayətinin Cucevan qəsəbəsini ziyarət etmək istədiyini bildirib.
Hazırda bu səfərin reallaşıb-reallaşmayacağı ilə bağlı rəsmi məlumat yoxdur. Cucevan qəsəbəsinin inzibati rəhbəri Hambardzum Petrosyan bildirib ki, kənddə hər hansı hazırlıq və ya hərəkətlilik müşahidə olunmur: “Jurnalistlər sadəcə zəng edib belə bir məlumatın olub-olmadığını soruşurlar”.
Qeyd edək ki, Şahin Mustafayev 40 ildən sonra yenidən Ermənistana səfər edib. Ermənistan mətbuatı onun erməni dilində sərbəst danışdığını da vurğulayır.